Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycan idmançıları 2 gümüş, 1 bürünc medal qazanıb. Gümüş medallara Məmmədəli Mehdiyevlə Elmar Qasımov sahib çıxıb.
Mehdiyev finalda qazaxıstanlı İslam Bozbayevə uduzub. Qasımovun hollandiyalı Mixael Korrellə görüşünün taleyi isə əsas bölümdə yox, qızıl xal uğrunda mübarizədə həll olunub. Elmar passiv güləşdiyi üçün daha bir cərimə xalı alıb və görüşdən məğlub ayrılıb.
Bürünc medalı isə 100 kq çəkidə Elxan Məmmədov əldə edib. O, 3-cü yer uğrunda görüşdə komanda yoldaşını ipponla üstələyib.
Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. İlk iki yarış günündə Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov, Rüstəm Orucov və Xanım Hüseynova bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Hollandiyadan sonra 2-ci yeri tutub. Böyük Dəbilqədə 31 ölkədən 182 cüdoçu iştirak edib.
Azad Rəfi
- Baxış: 333