Artıq üçüncü ildir ki, Respublika fənn olimpiadası yeni üsulla keçirilir. Bu yarışlara maraq ildən ilə artır. Gəncədə keçirilən imtahanlarda isə yeniliyə imza atılıb.
Orxan Abbasov -Təhsil Nazirliyinin məsləhətçisi: “İlk ildə 20 min, sonra 25 min, bu il isə ilk mərhələdə 30 min şagird respublika fənn olimpiadası müsabiqəsinə qatılmışdı. Onların içərisində 60%-dən çox nəticə göstərən 5 minə yaxın şagird bu gün ikinci - zona mərhələsində iştirak edir”.
Zona mərhələsi ümumilikdə respublikanın 12 şəhər və rayonunda baş turub. Final mərhələsinə hər fənn üzrə ən yaxşı nəticələr göstərən 500 şagird vəsiqə qazanacaq. Gəncədə - 16 nömrəli tam orta məktəbdə keçilən zona turunda Gəncə, Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocavəd və Kəlbəcərdən 473 şagird öz biliyini sınayıb. Gəncə imtahanın təşkilində yeniliyə imza atıb.
Orxan Abbasov- Təhsil Nazirliyinin məsləhətçisi: “Təhsil Nazirliyi, Gəncənin Təhsil İdarəsi və “Asan Xidmət”in birgə əməkdaşlığı çərçivəsində Gəncədə imtahanlara nəzarəti məhz “Asan Könüllüləri” həyata keçirdir. Bu kifayət qədər yaxşı təşəbbüsdür. Könüllülərin cəlbi həm müəyyən təcrübə qazanmalarına şərait yaradır. Həm də imtahanda müəllim yox, başqa şəxsin nəzarəti prosesə kifayət qədər yaxşı təsir göstərir”.
Nəzarətçi kimi iştirak edən 20 “Asan Könüllüsü” imtahana qədər xüsusi təlim alıb. Valideynlərə də imtahanların obyektivliyini izləmək imkanı yaradılıb.
- Baxış: 1096