Belə ki, qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz tədbirlər görülüb. Bu cinayət əməllərində şübhəli olan Azər Hüseynov və Əli İslamovun saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı hər iki şəxs yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib. Qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər. Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 473