Yaxın və uzaqdan gələn tələbələri təbiətşünas alimlə bağlı xatirələrini bölüşüblər.
Həsən Əliyevin məzunu olduğu Aqrar Universitetdə keçirilən konfrans "Akademik Həsən Əliyev və Azərbaycan təbiəti" mövzusunu əhatə edib. Onun əsas elmi fəaliyyəti torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, təbii ehtiyatlar və digər sahələri əhatə edib. Ölkədə beynəlxalq bioloji proqramın işlənib hazırlanması da onun adı ilə bağlıdır.
Əlövsət Quliyev -AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru: “Ən vacib məsələlər üzrə o məni istiqamətləndirmişdi ki, Azərbaycanın şoran torpaqlarının yuyulması, qorunması ən mühüm vəzifədir. Biz də onun məsləhətlərilə Naxçıvan ərazisində kifayət qədər işlər görmüşük. Bu gün Azərbaycanın Kür-Araz ovalığında olan şoran torpaqların tədqiqi, öyrənilməsi və yenidən daha məhsuldar formaya salınmasını qarşımıza məqsəd qoymuşuq. Həsən müəllim bizə təbiəti sevməyi, torpağı qorumağ təlqin edib, onun hər qarının qədrini bilməyə sövq edib”.
Həsən Əliyevin Azərbaycan elminə verdiyi töhfələr bununla bitmir. Azərbaycanda coğrafiya, aqrobiologiya kimi elmi sahələr məhz akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb, inkişaf edib.
İsmayıl Quliyev- AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri: “Həsən müəllim mənim də elmi rəhbərim olub. Onun verdiyi mövzular olduqca aktual olurdu. Mənə verdiyi mövzu Zəngəzur filizsaflaşdırıcı kombinatın ətraf mühitə təsiri məsələsi idi. Məlumdur ki, Ermənistanın Azərbaycana nəinki hərbi, həm də ekoloji təcavüzü idi. Lakin bu işləri yerinə yetirmək olduqca çətin idi. Ermənistanda, İran sərhəddində elmi- tədqiqat işləri aparmaq çətin idi. Bunun öhdəsindən yalnız Həsən müəllimin qayğısı nəticəsində gələ bildik”.
Dünyada ekologiyanın qorunması sahəsində ilk həyəcan təbilini çalanlardan biri də məhz respublika dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyev olub.
Xəyalə Mürsəl
- Baxış: 928