• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 10.03.2017 13:05

Heç-heçələr turu

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Bu mərhələdə azarkeşlər 8 qarşılaşma izləyiblər. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” səfərdə “Olimpiakos”un qonağı olub. İstanbullular 36-cı dəqiqədə  Kambiassonun vurduğu qolla hesabda geri düşsə də, ikinci yarıda bərabərliyi təmin edib. 53-cü dəqiqədə qapıçının səhvindən sonra top Abubakarın qarşısına düşüb. Hücumçu isə öz növbəsində toru havalandıraraq komandasını məğlubiyyətdən qurtarıb. Yekun nəticə 1:1.

Gecənin maraqla gözlənilən görüşlərindən biri Rostovda oynanılıb. Burada yerli komanda “Mançester Yunayted”i qəbul edib. Qonaqlar 25-ci dəqiqədə Henrik Mxitaryanla hesabı açan tərəf olsa da, ingilislər bu nəticəni sonadək qoruya bilməyiblər. 53-cü dəqiqədə Aleksandr Buxarov özünü müdafiəçilərin arxasında unutduraraq qapıçı ilə üz-üzə qalıb və bundan maksimum istifadə edərək tablodakı rəqəmləri eyniləşdirib. Bu həm də oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub. Rostov 1- Mançester Yunayted 1.

Günün ən diqqətçəkən qarşılaşmasında Lion evdə Romanı sınağa çəkib. Daxili çempionatlarda işləri yaxşı hər komandanın duelində qonaqlar favorit göstərilsə də, qələbəni fransızlar bayram edib. 8-ci dəqiqədə Diabiylə erkən qola sevinən meydan sahibləri fasiləyədək qapısında iki top görüb. 20-ci dəqiqədə müdafiədəki boşluğu Mohammed Salah lazımınca dəyərləndirərək status-kvonu bərpa edib. Ardınca 33-cü dəqiqədə Federiko Fazio vurduğu qolla canavarları irəli çıxarıb. Ancaq ikinci hissədə Fransa kollektivi 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gələ bilib. 47-ci dəqiqədə Korenten Tolisso qarşılaşmada ikinci dəfə bərabərlik yaradıb. 74-cü dəqiqədə bu dəfə ev sahibləri önə keçib. İtalyanların müdafiəsini alt-üst edən Nabil Bekir diqqətləri üzərinə çəkib. Görüşdə sonuncu qol isə əsas vaxta artırılan 2-ci dəqiqədə qeydə alınıb. Aleksandre Lakazette qapısıalınmaz zərbəylə çərçivəni dəqiq nişan alaraq oyunda son nöqtəni qoyub. 4:2 Lionun qələbəsi. 

Qəbələylə eyni qrupda yer alan Anderlext səfərdə Kipr Apoeli ilə qarşılaşıb. Qarşılaşmanın taleyini 1 qol həll edib. 29-cu Stançunun qolu sayəsində belçikalılar minimal hesablı qələbə qazanıblar.

Gecədə püşk nəticəsində bir-birinə rəqib olan Şalke və Borussiya Münhenqladbax komandalarının qarşıdurması da böyük maraq doğurub. Oyuna yaxşı başlayan tərəf qonaqlar olub. 15-ci dəqiqədə borussiyalılardan Hofman tablonu işə salıb. Ancaq Şalke 10 dəqiqə sonra bu qolun cavabını verib. Bureqştaller fərqlənməklə həm də yekun hesabı müəyyənləşdirib. 1:1

Qeyd edək ki, Avroliqada 1/8 final mərhələsinin cavab görüşləri martın 16-da keçiriləcək. 

 

 

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart


“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya) 2:1
Qollar: Vass, 50 (1:0), Klaesson, 56 (1:1), Beauvue, 90 (2:1) 

“Gent” (Belçika) - “Genk” (Belçika) 2:5
Qollar: Malinovski, 21 (0:1), Kalu, 27 (1:1), Kolley, 33 (1:2), Samata, 41 (1:3), Uronen, 45+2 (1:4), Koulibali, 61 (2:4), Samata, 72 (2:5)

“Lion” (Fransa) - “Roma” (İtaliya) 4:2
Qollar: Diabi, 8 (1:0), Salah, 20 (1:1), Fazio, 33 (1:2), Tolisso, 47 (2:2), Fekir, 74 (3:2), Lakazatte, 90+2 (4:2)

“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə) 1:1
Qollar: Kambiasso, 36 (1:0), Aboubakar, 53 (1:1) 

“Şalke” (Almaniya) - “Borussiya” (Münhenqladbax) 1:1
Qollar: Hoffman, 15 (0:1), Bureqstaller, 25 (1:1)

APOEL (Kipr) - “Anderlext” (Belçika) 0:1
Qol: Stanku, 29

“Kopenhagen” (Danimarka) - “Ayaks” (Belçika) 2:1
Qollar: Falk, 1 (1:0), Dolberq, 32 (1:1), Kornelius, 60 (2:1)

“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: Mxitaryan, 35 (0:1), Buxarov, 53 (1:1)

 

 

Orxan Cəfərzadə