• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 07.03.2017 16:46

Gəncənin ətraf qəsəbələrinin qaz təsərrüfatında yenilənmə işləri aparılır

KepezTV Player

Uzun müddət istifadədə olan və karroziyaya uğrayan metal borular əvəzlənir. Əvvəllər vətəndaşlar tərəfindən qəsəbələrdə qaz xətlərinin dəmir borular vasitəsilə necə gəldi çəkilməsi bu kimi təhlükəli mənzərələri ortaya qoyur.Gəncənin Cavadxan qəsəbəsində olduğu kimi. 25 ilə yaxındır salınan yaşayış massivi qazlaşdırılarkən texniki-təhlükəsizlik normalarına əməl edilməməsi zaman keçdikcə qəzalı vəziyyətin yaranmasına səbəb olub. Evlərə mavi yanacağın çatdırılmasındakı itkilər, qazın təzyiqinin aşağı olması sakinlərin normal təminatına imkan vermirdi.

Şiraslan Əliyev- qəsəbə sakini: “Yeraltı xətlərdə sızmalar çox idi, evlərə dolurdu, təhlükəli idi. Hər dəfə özümüz boruların sızan yerlərini bağlayırdıq. Qaz idarəsinə də dəfələrlə zəng vurduq ki, xəttə problem var”.

Nafilə Qəmbərova- qəsəbə sakini: “15 ildir ki, bu ərazidə yaşayıram. Qaz xətləri çox bərbad vəziyyətdə idi. Partlayış olurdu, bədbəxt hadisələr baş verə bilərdi”.

Yaranan təhlükənin qarşısını almaq üçün “Azəriqaz” tərəfindən yenidənqurma işlərinə başlanılıb. Gəncə Regional Qaz İstismar İdarəsinin işçiləri ilkin olaraq daşıyıcı və yeraltı xətləri, eləcə də mövcud olan və istismar müddətini başa vuran qaz şkaflarını dəyişdirir. 

Azər Bayramov- Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: “Bu il nəzərdə tutulub ki, 22 kilometr müxtəlif diametrli qaz xətləri çəkilsin. Bütün bu işlərin görülməsi nəticəsində burada yaşayan təxminən 3 min abonentin qaz xətləri yenilənəcəkdir. Onlara normal qazın verilməsi təmin olunacaqdır”.

Cavad xan qəsəbəsində işlər yekunlaşdıqdan sonra şəhərin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivinin bir hissəsinin qaz təsərrüfatının yenilənməsinə başlanacaq. Nəticədə ümumilikdə 10 minə yaxın abonentin mavi yanacaqla normal təminatına şərait yaranacaq.

Xaliq Qurbanlı