Soyuq silaha əl atanlardan biri nişanlısını və baldızını, digəri yeznəsini canından etdi. Daha bir hadisədə pul insani münasibətlərdən əziz çıxdı. Həmkəndlisinin borca görə, bıçaqladığı şəxs xəstəxanalıq oldu.
Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qanlı hadisə baş verib. Bacısıgilə qonaq gələn şəxs yeznəsinin canına qıyıb. Bülbülə qəsəbə sakini 48 yaşlı Ramiz Həsənov yeznəsi 52 yaşlı Cavanşir Hacıyevlə bir masa arxasında yeyib-içdikdən sonra, aralarında mübahisə düşüb. Qəzəbini cilovlaya bilməyən qayın bacısının həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirib. Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik maddələrdən istifadəyə görə, məhkumluq həyatı yaşamış Ramiz Həsənov saxlanılıb. İlkin dindirilmə zamanı o, Cavanşir Hacıyevin bacısı ilə yaxşı rəftar etmədiyini, dəfələrlə yeznəsinə xəbərdarlıq etsə də, onun məhəl qoymadığını bildirib.
Xəzər rayonu Binə qəsəbəsində isə gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib. 26 yaşlı İlahə Ağayeva nişanlısına üzüyü geri qaytarmaq istəyi barədə xəbər göndərib. Buna 31 yaşlı Nəcəf Məcidovun tüfeyli həyat keçirməsinin səbəb olduğunu bildirib. İlahə Ağayeva ilə görüşmək istəyən Nəcəf buna nail olmadıqda onların evinə gəlib, nişanlısını və ona mane olmaq istəyən bacısı 20 yaşlı Rəhimə Ağayevanı bıçaqlayıb. Nəticədə İlahə hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadisəni törədən Məcidov saxlanılıb.
Şəmkirdə isə pul üstündə bıçaqlanma olub. Ələsgərli kənd sakini 28 yaşlı Bəhruz Xəlilov bədəninin kəsilmiş-deşilmiş xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyatdan sonra həkimlər zərərçəkənin vəziyyətini normal qiymətləndirirlər. Yaxınlarının sözlərinə görə, hadisə elə Bəhruz Xəlilovun yaşadığı kənddə baş verib. O, həmkəndlisi Köçəri adlı şəxslə borc üstündə mübahisə edib və nəticədə sağlamlığından olub. Şəmkir polisi hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparır. Faktlarla bağlı cinayət işi açılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 884