Bütün bağlı qapıları səbr açır. Ancaq səbri əldən verib, hirsinə əsir olanlar açıq qapıları da üzlərinə bağlayırlar. Paytaxtda tanımadığı şəxslə mübahisə edib, onu bıçaqlayan şəxs də belələrindədir. Bakıda daha bir bıçaqlanma isə nə qədər qəribə səslənsə də, metro kartı üstündə olub.
Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Hövsan qəsəbəsində yerləşən parkda qeydə alınıb. 34 yaşlı Rövşən Quliyevin naməlum şəxslə mübahisəsi düşüb. Bu zaman həmin şəxs Rövşən Quliyevə çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra isə hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Zərərçəkənin sarğı, üz və boyun nahiyələrində bıçaq xəsarətinin olduğu aşkarlanıb. Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Daha bir bıçaqlanma hadisəsi Yasamal rayonunda olub. 26 yaşlı Ramin Yusifov İnşaatçılar metrosunun qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Xəstəxanadan gəncin həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə 29-cu polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Ramin Yusifovun izahatını alıblar. O, bildirib ki, İnşaatçılar metrosundan çıxan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq, metro kartının olub-olmamasını soruşub. Yox cavabı aldıqda isə onu bıçaqla vuraraq ərazidən uzaqlaşıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 532