Amerika Kino Sənəti Akademiyasının 89-cu “Oskar” mükafatının təqdimetmə mərasimi bu dəfə də qalmaqalsız ötüşmədi. Əslində qalmaqallar mərasimin özündən çox-çox əvvəl – ABŞ özünə yeni prezient seçəndən sonra başlamışdı. Yeni prezident Donald Trampın miqrantlarla bağlı siyasətinə etiraz edən bir çox ulduzlar mərasimə qatılmayacaqlarını bildirmişdilər. Belə də oldu. Məsələn, ən yaxşı xarici film nominasiyasında qalib olan “Satıcı” filmində baş rollardan birinin ifaçısı Təranə Əlidusti mərasimə qatılmadı. Filmin ssenari müəllifi və rejissoru Əsgər Fərhadi isə viza ilə bağlı problemlər üzündən mükafatı almağa özü gələ bilməmişdi. Amma xoşagəlməz hallar yalnız bu deyildi.
Gecədə ilk diqqətçəkən məqam məşhurların yalnız zövqlü və zövqsüz geyimləri yox, həm də bəzilərinin yaxasını bəzəyən mavi lent idi. Amerika Vətəndaş Azadlıqları Birliyinin simvolu olan mavi rəngli lentlər yeni prezident Donald Trampın miqrasiya siyasətinə etiraz əlaməti idi. Mərasim Justin Timberlake-nin “Can't Stop the Feeling” musiqisini səsləndirməsi ilə başladı. Ardınca isə aparıcı Cimmi Kimmel Oskarın təqdimetmə mərasimini açıq elan etdi. Məşhur komediya aktyoru açılış nitqində Trampı və onun ABŞ-da yeritdiyi siyasəti tənqidə məruz qoydu. Aparıcı “Tviter”də Meril Stripi “boşuna qabardılmış aktrisa” adlandıran Trampa mesaj göndərdiyini bildirib. O, yeni prezidentin rəsmi “Tviter” səhifəsinə “Merilin sənə salamı var” yazısını göndərib.
Gecəyə rəng qatan bir başqa hadisə isə salona daxil olan turistlər olub. Hollivud muzeyində gəzdirilmək bəhanəsi ilə gələn turistlər xəbərsiz halda zala daxil olublar və gördükləri mənzərə qarşısında dəqiqələrcə təəccüblərini gizlədə bilməyiblər. Məşhurlar isə onlarla salamlaşıb, birgə şəkil çəkdiriblər.
"Arxa planda ən yaxşı kişi rolu" nominasiyasının qalibi İranlı aktyor Maherşala Əli olub. O bu mükafatı “Ay işığı” filmindəki roluna görə qazanıb.
"Arxa planda ən yaxşı qadın rolu" mükafatına isə Viola Devis layiq görülüb. Aktyor Denzel Vaşinqtonun rejissoru olduğu "Hasarlar" filmindəki roluna görə...
"İlin ən yaxşı filmi" "Ay işığı"-dır. Oskarda çoxlarını pərt vəziyyətə salan məqam da bu anlarda yaşanıb. Hollivud əfsanəsi Uorren Bitti "İlin ən yaxşı filmi" nominasiyasının qalibini elan edəndə “La-la land”-in adını çəkib. Lakin sən demə qalibin adı olan zərf səhv verilibmiş. Qısa zamanda bu səhv aradan qaldırılıb və gerçək qaliblər səhnəyə dəvət olunub. Beləliklə “La-la land” bu il 6 nominasiyada qalib gəlsə də, çoxlarının gözlədiyinin əksinə - ən yaxşı film seçilməyib. Beləliklə, 89-cu Oskar mükafatlarının digər qalibləri bunlardır:
Ən yaxşı qrim – “İntiqam komandası”
Ən yaxşı kostyum dizaynı – “Kapitan Fantastik”
Ən yaxşı sənədli film – “A. Cey: Amerikada istehsal olunub”
Ən yaxşı səs rejissurası - “Gəliş”
Ən yaxşı səs montajı – “Döyüş vadisi”
Ən yaxşı arxa planda kişi aktyor - Mişel Uilyams “Dəniz kənarında Mançester”
Ən yaxşı qısametrajlı animasiya filmi – “Qum cüllütü”
Ən yaxşı animasiya filmi – “Heyvanlar şəhəri”
Ən yaxşı prodüsinq dizaynı – “La-La Land”
Ən yaxşı vizual effekt – “Cəngəlliklər Kralı”
Ən yaxşı ssenari – “Döyüş vadisi”
Ən yaxşı qısametrajlı sənədli film – “Ağ dəbilqə”
Ən yaxşı ssenari - “La-La Land”
Ən yaxşı montaj – “La-La Land”
"Ən yaxşı mahnı – “La-La Land”
Ən yaxşı orijinal ssenari – “Dəniz kənarında Mançester”
Ən yaxşı uyğunlaşdırılmış ssenari – “Ay işığı”
Ən yaxşı rejissor - Damien Chazelle “La-La Land”
Ən yaxşı aktyor - Casey Affleck “Dəniz kənarında Mançester”
Ən yaxşı aktrisa - Emma Stone “La-La Land”
Ən yaxşı film – “Ay işığı”
3300 yerlik "Dolby" teatrında artıq 13-cü dəfə keçirilən mərasimi ABC telekanalı 52 ölkəyə translyasiya edib.
- Baxış: 1089