• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 23.02.2017 10:25

Yaponiyanı tanıyaq...

KepezTV Player

Yaponiya parlamentli monarxiyadır və imperatorun hakimiyyəti məhduddur. Formal dövlət başçısı kimi o, konstitusiya tərəfindən "xalq birliyinin və dövlətin simvolu" kimi müəyyənləşdirilir. Hakimiyyət  baş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənib.

İqtisadiyyatı

Müasir Yaponiya iqtisadiyyatını möcüzə adlandıranlar da çoxdur. Almaniya kimi bu ölkə də 2-ci dünya müharibəsində demək olar ki, yerlə- yeksan olmuşdu. Amma bu xarabalıqların üzərində qısa müddət ərzində dünyanın ən güclü, ən müasir, ən effektiv iqtisadiyyatlarından biri ucalıb. Hazırda Yaponiya ümumi daxili məhsulun həcminə görə ABŞ və Çindən sonra dünyanın ən güclü 3-cü milli iqtisadiyyatına malikdir.  ÜDM-i  5,5 trilyon, onun adambaşına düşən payı isə 42 min dollardır.

Elm və texnologiya

Yaponiya təhsil baxımından dünyada birinci sırada dayanır. Burada savadlılıq 100 faizdir. Elmə xüsusi önəm verən yaponlar, övladlarına oxuma və yazma öyrətməkdən öncə rəsm çəkməyi və musiqi ifa etməyi aşılayırlar. Onlar bununla da uşaqların daha çox elmə bağlı olacaqlarını, həmçinin də digər məşğuliyyətlərə vaxt ayıra biləcəklərini göstərmək istəyirlər.

 

Sağlamlıq

Yaponlar uzunömürlü xalqdır: 2013-cü ilin məlumatına görə, burda orta ömür 83 ildir. Yaponiyada səhiyyə xidmətləri milli və yerli hökumətlər tərəfindən təmin edilir. Ödənişli özəl tibbi xidmətlər də var. Xəstələr istədikləri həkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.

Mətbəx

Yaponiya mətbəxi yapon düyüsü və əriştələr, müxtəlif souslarla xarakterizə olunur. Müasir dövrdə menyuda tez-tez rast gəlinən qırmızı ət kimi inqredientlər əvvəllər Yaponiyada geniş istifadə olunmayıb. Əgər siz yaponlarla hər hansı bir restorana getsəniz, masaya gətirilən yemək haqqında danışmalısınız. Əks halda yaponlar bunu böyük bir hörmətsizlik olaraq qəbul edəcəklər. Yeməyi isə onlar kimi çubuqlarla yesəniz, yaponların könüllərini fəth etmiş olarsınız.

Dəqiqlik

Yaponların ən məşhur xüsusiyyətlərindən biri də dəqiq olmalarıdır. Çox az, hətta nadir hallarda işə gecikən yapon görə bilərsiniz. İşləri saat 8-də başlayırsa, yaponlar 8-in yarısı işdə olurlar. Bu xüsusiyyət artıq onlarda bir adətə çevrilib. İşə gecikdikləri halda isə nəqliyyatı bəhanə gətirə bilməzlər. Çünki nəqliyyat sistemləri də özləri kimi dəqiq işləyir. Məsələn, qatarların gecikmə müddəti maksimum 18 saniyə ola bilər. Həm də bu qatarlarda “qapını burax, qatarı gecikdirmə” ifadəsini eşitməzsiniz. Stansiyalarda qapıda qalanları içəriyə doğru itələyən xüsusi işçilər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsi isə buna görə cəzalandırılır.

Yapon evləri

Azərbaycandan fərqli olaraq Yaponiyada qonaqpərvərlik başqa bir üslubdadır. Çox az hallarda yaponlar evlərinə qonaq dəvət edirlər. Onlar bu dəvəti yalnız özləri üçün xüsusi önəm kəsb edən və hörmət göstərdikləri insanlara ünvanlayırlar. Bir çox yapon evləri həm ənənəvi, həm də müasir üslubda olan otaqlardan ibarətdir. Ənənəvi üslubda bəzədilmiş evlərdə insanlar yerə döşəklər sərərək yatırlar. Səhər olanda isə onlar döşəkləri yığır və həmin məkanı yemək otağı kimi istifadə edirlər.

Anime

Anime XX əsrin əvvəllərində, yapon kinematoqrafçıların Fransa, Almaniya, ABŞ və Rusiya animasiya üslublarının araşdırılması nəticəsində yaranıb. İlk anime  1917-ci ildə nümayiş etdirilib. Ölkə ərazisində addımbaşı animeləri xatırladan əşyalar, heykəllər, hətta yeməklərə də rast gəlmək mümkündür. Kitab tipoqrafiyalarından sonra ikinci ən böyük kağız istehlakçıları anime jurnallar nəşr edən şirkətlərdir.

Azərbaycandan Yaponiyaya getmək o qədər də ucuz deyil. Təyyarə biletlərinin qiyməti 1800 AZN-dən başlayır. Həm də ölkəmizdən Yaponiyaya birbaşa təyyarə reysləri yoxdur. Gündoğar ölkəyə gedərkən ən azı iki təyyarə dəyişməli olacaqsınız.

 

Vəfa Şairova