Sərbəst güləşçi bu dəfə İranda medal qazanıb. Gənc pəhləvan əsas millinin heyətində qonşu ölkədə keçirilən dünya kubokunda bürünc medala yiyələnib. Məşqçilər korpusu İranda 74 kq çəkidə iki güləşçiyə güvənib ki, onlardan biri Murad Süleymanov olub. Komanda xarakterli yarışda A yarımqrupunda mübarizə aparan yığmamız Rusiya, Gürcüstan və ABŞ idmançılarına, həmçinin üçüncü yer uğrunda görüşdə Türkiyəyə qarşı güləşib. Murad Amerika və türk rəqiblərimizlə qarşılaşmada döşək üzərinə çıxıb.
Murad Süleymanov -Dünya Kubokunun bürünc mükafatçısı: "İnanırdım ki, orda uğurlu iştirak edəcək. Belə də oldu. Əziyyətim hədər getmədi. Birinci görüşüm Amerika idmançısı ilə oldu. Qarşılaşma çətin keçdi. 5:1 öndəydim. Sonra hakimlər mənə 3 dəfə xəbərdarlıq verdilər. Bunun nəticəsində hesab 5:4 oldu. Qabaqda ola-ola qələbəni rəqibimə verdilər. İkinci görüşdə türk idmançıyla qarşılaşdım və onu 5:0 məğlub etdim".
Bu, Murad Süleymanovun qatıldığı ikinci dünya kuboku olub. İki il öncə ABŞ-dakı ilk yarışında yaxşı nəticə göstərməyən güləşçinin bu dəfə uğurlu çıxış edəcəyinə inam böyük olub.
Arzu Rəhimov - məşqçi: "Biz inanırdıq ki, Murad Dünya Kubokunda yaxşı çıxış edəcək. Və o da ümidlərimizi doğrultdu. Ümid edirik ki, gələcək yarışlarda Murad daha da yaxşı çıxış edəcək və bizləri sevindirəcək".
Gəncəli pəhləvanı qarşıda daha bir məsul yarış gözləyir. İdmançı mart ayının ortalarında 23 yaşadək güləşçilər arasında keçirliəcək Avropa çempionatında iştirak edəcək.
Orxan Cəfərzadə
- Baxış: 2644