• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 14.02.2017 16:06

Bazarlarda olan qiymət artımlarının qarşısı alınacaqmı?

KepezTV Player

Bazarlarda meyvə-tərəvəz və göyərtinin qiyməti qalxıb. Havanın qarlı şaxtalı keçdiyi indiki şəraitdə iqtisadçılar bunu tələb-təkliflə, kənd təsərrüfatı mütəxəssisləri isə istehsal xərclərinin artması ilə əlaqələndirir. Bundan ziyan çəkənsə satıcı və alıcıdır. 

Soyuq keçən havaların təsirini daha çox göyəti və tərəvəzdə görmək olur. 40 qəpikdən ucuz göy tapmayan alıcı, üstəlik kələm 1 manata və yerkökünü 1 manat 20 qəpiyədək almaq məcburiyyətindədir. 

Alıcı: “Bahalaşma hər şeydə var. Əsasən də göylərdə. Mövsümlə əlaqədar olaraq şaxta vurur”.

Alıcı: “Qiymətlər çox çətindir, çox bahadır. Ala bilmirik, çətinliklə alırıq”.

Bu hal satıcıları da razı salmır. Üstəlik alıcı qıtlığından şikayət edən satıcılar həmçinin satışa çıxardıqları məhsulun da donvurmadan xarab olaraq zibilə atılmasından da, onlara ziyan vurmasından da şikayət edirlər.

Satıcı: “Alıcı zəifdi. Qiymətlər çox bahadır, dəstələr isə zəif. Alıcı qüvvəsi həddindən artıq zəifdir”.

Satıcı: “Yığıb gətirə bilmirlər. Gələn ancaq parnikdən gəlir. Çöl göylərinin hamısı donub”.

Elə professor Zaur Həsənov da diqqəti istixanalara yönəldərək qiymət artımına təsir edən amilləri sadalayır. 

Zaur Həsənov- kənd təsərrüfatı elmləri doktoru: “Daxili imkanlarda olan qiymətlərin qalxması ilə əlaqələndirirəm. Neftin qiymətinin bahalanması, qazın, işığın qiymətinin bahalanmasından asılıdır. Bu tərəvəzlər istixanalarda becərilir. İstixanada istifadə olunan qazın, işığın qiyməti qalxırsa, istehsalçı nə etməlidir. Bu da məcburdur onun müqabilində qiymətləri qaldırsın”.

Digər bir məqam isə bazarın tənzimlədiyi qiymətlərlə bağlıdır. 

Mobil Məsimov- iqtisadçı ekspert: “Aydın məsələdir ki, bazara çıxarılan məhsul kənardan gətirilir. Bunun daşınması və tədarük olunması var. Bu da qar yağan zaman müəyyən problemlər yaradır. Həm onun daşınmasında, çatdırılmasında, eləcə də tədarük olunmasında. Ona görə də təklif az olduğu üçün qiymətlərə təsir edir”.

Görünən odur ki, qiymətlər bazar iştirakçılarını qane etmir. Yanaşmalar müxtəlif olsa da, tərəflər hava mülayimləşəndən sonra qiymətlərin normallaşacağına ümid edir.

Elton Cabbarlı