Pakistan ərazisində, Hindistanla sərhəd ərazidə Hunza adlı bir xalq yaşayır. Bu xalq haqqında, onun yaşam tərzi, uzunömürlülüyü barədə əfsanələr gəzir. Hətta bəzi məlumatlara görə, bu hunzalılar Hun Türklərinin davamçılarıdır.
Ehtimal edilir ki, Hunza Türkləri iqlim dəyişiklikləri səbəbindən indiki Rusiya ərazisindən - Yenisey düzənliklərindən və Orta Asiya çöllərinə eniblər. Xarici görünüş baxımından bu xalq avropalılara bənzəyir. Əvvəllər əsasən ov edərək həyatlarını davam etdirən Hunzalar tədricən oturaq həyata keçiblər. Meşəçilik və çöl həyatına uyğunlaşıblar.
Dini etiqadca müsəlman olan Hunza xalqına bütün dünyanın diqqətini yönəldən əsas xüsusiyyət onların orta hesabla 110-120 il ömür sürmələri barədə yayılan informasiyadır. Deyilənə görə, bu yerlərdə 60-65 yaşlı insanlar orta yaşlı hesab edilir. 100 yaşında ölənlər üçün isə cavan öldü deyilir. Qadınların isə guya 65-70 yaşlarında da ana olmaları adi hal hesab edilir. Amma eyni zamanda qeyd etmək lazımdır ki, bu deyilənləri təsdiqləyən dəqiq elmi faktlar yoxdur. Çünki, bu xalqın həyatının ciddi araşdırılması üçün uzunmüddətli müşahidələr və araşdırmalar aparılmayıb. Amma bununla belə onların çox sağlam həyat tərzi keçirmələri artıq bəllidir. Hunzaların inanılmaz dərəcə sağlam olmasının əsas səbəbinin onların yaşadıqları ərazinin təbiəti ilə bağlayırlar. İkinci vacib nüans isə qida rasionudur. Hunza çayı vadisi dənizdən 6 min metr hündürlükdə yerləşir. Bura dünyanın ən bol oksigenli regionlarından biri hesab edilir. Güman edilir ki, yerli əhalinin sağlamlığının bir səbəbi də onların rasionunda ətin minimum miqdarda olması ilə bağlıdır. İnsanlar daha çox özlərinin yetişdirdikləri meyvə-tərəvəzlərlə qidalanırlar. Hunzalılar əkib- becərdikləri məhsulları yay ərzində günün altında qurudur və qışda məhz bu qidadan istifadə edirlər. Amma hətta bu sağlam qidadan da çox yemirlər. Onlar çox yeməkdənsə, az, amma faydalı qidalanmağın daha yaxşı olduğunu düşünürlər.Hunzalılar cavan qalmaqlarının başqa bir səbəbi də gündəlik həyatlarında çox hərəkətli olmalarıdır. Hətta ən yaşlı hunzalı üçün də gün ərzində tarlada çalışmaq, hər gün onlarla km məsafə qət etmək adi bir haldır. Ümumiyyətlə, bu insanlar arasında passiv həyat tərzi keçirənə rast gəlmək mümkün deyil. Bununla belə yorulmağın nə demək olduğunu bilməzlər. Onların hamısı daim gümrah və enerji ilə dolu olan insan təsiri bağışlayırlar. Deyilənə görə, hunzalılar arasında yoga ilə məşğul olanlar da az deyil. Məhz bu həyat tərzi nəticəsində Hunza xalqının nümayəndələri arasında ciddi xəstəliklərə rast gəlinmir. Məsələn, indiyə kimi bu tayfadan bir nəfər də xərçəng xəstəliyinə tutulmayıb. Hər halda bununla bağlı rəsmi faktlar yoxdur. Bu insanlarla ünsiyyətdə olan səyahətçilər isə onların hamısının çox sakit təbiətli, yumor hissinə malik, mehriban və optimist olduqlarını deyirlər. Bu yayılan informasiyaların həqiqətə nə dərəcədə uyğun olması barədə dəqiq bir şey söyləmək çətindir. Amma hər halda Hunza fenomeni yəqin ki, elm adamları tərəfindən hələ öyrənilməlidir.
- Baxış: 1062