Masallı rayonunda üç piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Qızılavar kəndində qeydə alınıb. Ərkivan qəsəbə sakinləri 37 yaşlı Rüfət Bədəlov, 35 yaşlı Yunus Həsənov və 32 yaşlı Tohid İbrahimov yolun piyadalar üçün nəzərdə tutulan hissəsi ilə hərəkətdə olarkən "Ford" markalı yük maşını onları vurub. Daha sonra avtomobil beton elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən beton dirək avtomobilin üstünə aşaraq,onu yararsız vəziyyətə salıb. Ağır bədən xəsarətləri alan yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. İlkin müayinə zamanı onlara qapalı kəllə-beyin travması, baş beynin əzilməsi diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, Rüfət Bədəlovun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə qəzaya yağıntılı hava şəraitində avtomibilin sürüşərək yoldan çıxması səbəb olub. Hadisənin dəqiq səbəbləri təyin olunan avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Bakı-Quba yolunda da yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Siyəzənin Ağbaş kəndi ərazisində qeydə alınıb. "Suzuki" markalı maşın piyada 35 yaşlı Tural Həsənovu vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Vəziyyəti ağır olan xəstə daha sonra paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.
Gəncədə isə 6 saylı xətt üzrə işləyən sərnişin avtobusu və minik maşınının iştirakı ilə qəza baş verib. İsmət Qayıbov küçəsində 2 "Hundai"ın toqquşması minik maşınının sürücüsünün xəsarət alması ilə nəticələnib. Yaralanan Vüqar Bayramov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstənaxasına aparılıb və ona ilkin tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb. Hadisə şahidləri avtobusun sürücüsü Sahləddin Qoşqarov və bir sərnişinin də yaralandığını bildirsələr də fakt təsdiqini tapmayıb.
- Baxış: 2082