Bilirik ki, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı kifayət qədərdir. Bu zaman insanların ya həyatını, ya da sağlamlığını itirməsi qəzaların acı nəticəsidir. Bir də burada sürücülərin hansı stress, qorxu və günah hissini yaşadığı ağla gəlir. Necə deyərlər sükan sahibləri ölüb, ölümdən qayıdır. İndi düşünün ki, onlara bu dəhşəti yaşadan hadisənin real qurbanı deyil, hansısa dələduzdur. Sonralar onları şantaj edən yalançı...
Abşeron polisi özünü avtomobillərin qarşısına ataraq sürücüləri santaj edən şəxsi ifşa edib. Əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev Xırdalan şəhərində öz çirkin əməlini yerinə yetirərkən nəhayət ki, bəxti gətirməyib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxs istintaqa təhvil verilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi deyib.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev cinayət əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlayıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikə verib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 820