Qətl hadisəsi Nərimanov rayonu, Faiq Yusifov küçəsində baş verib. Hadisə sözü gedən küçədə yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsi, mənzil 9- da qeydə alınıb. Sakinlər son günlər mənzildə yaşayan 64 yaşlı Firudin Hüseynovu görmədikləri üçün onun telefonuna zəng ediblər. Ondan bir xəbər almadıqda isə sakinlər hüquq- mühafizə orqanı əməkdaşlarına məlumat veriblər. Hadisə yerinə baxış keçirən hüquq- mühafizə orqanı əməkdaşları mənzilin qapısını sındıraraq içəri daxil olublar. Bu zaman mərhumun meyidini aşkar edən polislər onun başından küt alətlə vurularaq öldürüldüyünün şahidi olublar. Sakinlərin sözlərinə görə, qətlə yetirilən şəxs evdə tək yaşayıb və məişət avadanlıqlarının təmiri ilə məşğul olurmuş. Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Xətai rayonunda da mənzildən meyit tapılıb. Meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları aşkarlayıblar. Xüsusi alətlərin köməkliyi ilə mənzilin qapısı açılıb. İçəri daxil olan xilasedicilər 61 yaşlı Əsəd Feyzullayevin dünyasını dəyişdiyini görüblər. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 623