Seat şirkəti rəsmi olaraq yeni nəsil yığcam İbiza modelini nümayiş etdirib. Satışlar isə iyun ayından start götürəcək. Nəsil dəyişikliyi sayəsində maşın iki millimetr qısa və 1 mm alçaq alınıb. Bununla belə ön hissə indi 60 millimetr, arxa isə 48 mm irilənib. 3 və ya 5 qapılı təklif olunacaq modelin təkər bazası 95 mm artaraq 2564 millimetr təşkil edir. Hetçbek Volkswagen konserninin bu marka tərkibində buraxdığı ilk model olub. Yeni platforma ilə İbizanın salonunda boş yerlər çoxalıb. İkinci sırada əyləşən sərnişinlər indi ayaqlarını daha 35 millimetr uzada bilərlər, arxa tərəfdə hündürlük 17, qabaq tərəfdə isə 24 millimetr artıb. 5-ci nəsil İbizanın baqaj yeri 355 litrə çatdırılıb, bu da əvvəlkindən 63 litr artıqdır. İbiza üçün Seatda üç versiyada motor hazırlayıblar: iki benzin və bir dizel. 3 silindrli benzin motorlar sıxılmış təbii qazla 90 at gücə, adi variantda isə ya 95, ya da 115 at gücünə malikdir. 1,5 litrlik mühərriklə hətta 150 at gücünə nail olmaq olar. 1,6 litrlik dizel motoru 80, 95 və ya 115 at güclü versiyalarda sifariş vermək mümkündür. Gücü 95-dən aşağı olan motorlar 5 pilləli mexaniki sürət qutusu ilə təchiz olunub. Daha güclülərə isə 6 pilləli “mexanika” komplektləşdirilir. İki muftalı yeddi diapazonlu robotlaşdırılmış transmissiya da təkliflər arasındadır. Təchizat siyahısında interyer üçün LED işıqlanma, 7 dinamikli və 300 vattlıq gücləndiricisi olan Beatsaudio sistemi, LED faralar, adaptiv kruiz-kontrol, həmçinin Apple CarPlay, Android Auto və Mirror Link funksiyalarını dəstəkləyən 8 düymlük sensor ekranı olan multimedia sistemini tapmaq olar. Avropada bu heçbekin qiyməti hələlik naməlumdur.
Cavanşir Məmmədzadə
- Baxış: 519