• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 04.02.2017 15:25

4 yaşın mübarək, Kəpəz FM!

KepezTV Player

Gəncədə fəaliyyət göstərən, respublikanın üçdə bir hissəsində dinlənilən Kəpəz FM radiosu imza atacağı bütün yeniliklər və layihələrlə dinləyicilərin rəğbətini qazanmağı qarşısına məqsəd qoyub. Kəpəz FM zamanın inkişaf dinamikasının tələblərinə cavab verməyə qadirdir. 4 yaşın mübarək, Kəpəz FM.

4 yaşını qeyd edən Kəpəz FM 2013-cü ilin 5 fevralından bu günə kimi həm yayım dairəsini, həm də dinləyicilərinin sayını artıraraq, geniş auditoriya toplamağı bacarıb.

Cavid Verdiyev- Gəncə sakini: “İctimai nəqliyyatdan çox istifadə edirəm və dəfələrlə şahidi olmuşam ki, avtobus sürücüləri Kəpəz FM-ə qulaq asırlar”.

Kəmalə Hüseynova- Gəncə sakini: “Kəpəz FM-də “Bu axşam” verilişi var. Qulaqcıq qulağımda harasa piyada, yaxud marşrutla gedirəmsə, axşam saatlarında həmin verilişə qulaq asıram, maraqlıdır”.

Gəncə və Gəncə ətrafı rayonlarda 93.3 tezliyində, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 102.7 tezliyində yayımlanan radiomuz müxtəlif janrlarda olan, hər zövqə, yaş kateqoriyasına uyğun rəngarəng musiqiləri ilə dinləyicisinə xitab edir.

Rəşad Alyarov - sürücü: “Goranboya, Yevlaxa, Tovuza tez-tez müştəri aparıb gətirirəm. Yolda da radioya qulaq asmasan vaxt keçməz. Kəpəz FM radiosu qulaq asdığım əsas radiolardandı”.

“Top-40” verilişi dinləyicilərin www.kepezfm.az saytına daxil olaraq, Top-40 bölməsində sevdikləri müğənniyə səsverməsi əsasında hazırlanır. “Azəri Top 10”-luqdakı müğənnilərin hit paradımızdakı yerini də Kəpəz FM-in veb səhifəsinə daxil olub müəyyənləşdirə bilərsiz. Kəpəz FM-də iki saatdan bir efirə çıxan xəbərlər buraxılışı vasitəsilə dinləyicilər regionlarda baş verən ən son hadisə və proseslərdən agah olurlar.

Vəfa Şairova –aparıcı: “Dalğamızda intensiv şəkildə gün ərzində hər iki saatdan bir altı xəbər buraxılışı təqdim edirik. Bu da bizə imkan verir ki, baş verən hadisələri, yenilikləri operativ şəkildə, dərhal, isti-isti öz dinləyicilərimizlə bölüşək”.

Nəhayət ki, gəlib çıxdıq Kəpəz FM radiosunun “Bu axşam” verilişinin yerində dura bilməyən, qaynayıb qarışan aparıcıları Nata və Elgünə...

Elgün Camal -aparıcı: “Bu illər ərzində Kəpəz FM radiosu özünə geniş tamaşaçı kütləsi yığıb. Əziz dostlar sizli, bizli hamımızın ad günümüz mübarək”.

Nata -aparıcı: “Qoyulan mövzular və viktorinalar verilişimizi daha da maraqlı edir. Mən də öz doğma radiomuzu təbrik edirəm. 4 yox, 40 yaşımızı keçirək”.

Dinləyicilərimizi Kəpəz FM-i dinləməklə həyatın dadını hiss etməyə dəvət edirik. Elə radionun şüarında deyildiyi kimi: “Dinlə, Hiss et, Arzula!”

Ruhəngiz Hacızadə