ABŞ prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmanı şərh edib. Aktiv Tvitter istifadəçisi olan prezident öz hesabında immiqrasiya fərmanı ilə müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə tam qadağa qoymaq istəmədiyini bildirib. “Hər kəs bunun qadağa olub-olmadığı ilə bağlı mübahisələr edir. Bunu necə istəyirsinizsə, adlandırın. Lakin fərmanın əsas məqsədi ölkəyə pis niyyətli insanları buraxmamaqdır”, - deyə Tramp yazıb. Fərmanda bununla yanaşı "yaşıl kart"ın sahibləri ilə də bağlı dəyişiklik edilib. Sənədə əsasən bu kart sahibi şəxslər artıq ölkəyə daxil olmaq üçün xüsusi icazə almayacaqlar.
Tural Əbilov- şəhər sakini: "Amerikada yaşamaqla bağlı ötən il saytda qeydiyyatdan keçdim. Maraq üçün olsa da bir müddətdən sonra “Qrin kart” adlı mənə bir məktub gəldi. Orada yaşamaq, hətta təhsil almaq, ümumiyyətlə 10 il vətəndaşlıqla bağlı. Hazırda bunu dəyərləndirmək üçün gözləyirəm".
Belə halla qarşılaşan şəxslər hazırkı vəziyyətdə daha ehtiyatlı davranmalıdır. Çağırış iqtisadçı Vüqar Bayramova məxsusdur.
Vüqar Bayramov- iqtisadçı: ““Green card” sahibi vətəndaşlar ABŞ-a səfər edən zaman ehtiyatlı olmalıdır. Xüsusən öncədən səfərlərini planlaşdırmalıdırlar. Eyni zamanda ABŞ-a endikdən sonra hər bir sürprizə hazır olmalıdırlar. Nəticə etibariylə daha məqsədə uyğundur ki, süni baryerlər aradan qaldırılanadək ABŞ-a gedəndə problemlə üzləşməsinlər".
İqtisadçı Trampın son qadağasının müsəlman ölkələrindən ABŞ-a gedən vətəndaşlar üçün müəyyən problemlər yaratdığına diqqət çəkir. Artıq Tramp bir neçə yaxın Şərq ölkələri, eləcə də İrandan ABŞ-a səfərin növbəti 3 ay ərzində qadağan edilməsi ilə bağlı qərar imzalayıb. Həmçinin Malayziya və İndoneziya kimi ölkələrdən ABŞ-a gedən vətəndaşların vizalarının olmasına baxmayaraq, çətinliklərlə üzləşib. Bunları nəzərə alaraq xüsusən “Green cart” sahibləri üçün də növbəti 90 gündə ABŞ-a səfər etməməsi daha məqsədə uyğun hesab olunur.
Vüqar Bayramov- iqtisadçı: "Bu o deməkdir ki, sözü gedən ölkələrdən ABŞ-a vətəndaşlar heç bir halda viza alıb getmək imkanına malik olmayacaq. Eyni zamanda bu yaşıl kart sahibləri üçün də müəyyən problemlər yaradır. Nəzərə alsaq ki, İranda xeyli sayda azərbaycanlı yaşayır. Təbii ki, onların da ABŞ-a getməklə bağlı çətinlikləri var. Eləcə də baxmayaraq ki, yeni qanun konkret olaraq müəyyən ölkələrə aiddir. Eyni zamanda digər müsəlman ölkələrindən ABŞ-a səfərində əngəllər yarada biləcəyi istisna edilmir".
Qeyd edilən fərman Cənubi Azərbaycandan olan müğənni Ququşu da çətin vəziyyətə salıb. Hazırda Londonda olan məşhur müğənni "Euronews"a açıqlamasında bir neçə ay sonra vizasının müddətinin bitəcəyini, ABŞ-a qayıdarkən vaxtilə İrandan gəldiyi və müsəlman olduğu üçün problemlə üzləşəcəyindən narahatlığını dilə gətirib.
Ququş- müğənni: "ABŞ-da yaşamaq üçün "Green Card"ım olsa da, bu, hər hansı problemi istisna etmir. Şengen vizamın müddəti bir neçə ay içərisində bitir. İrana olduğu kimi, ABŞ-a da buraxılmasam, nə edəcəyimi bilmirəm. İrana qayıtmağım mümkün deyil, ona görə də neytral bölgədə qalmağa məcbur olacam. Ümid edirəım ki, heç kəsin ümidləri sərhədlərin arxasında saxlanıldığı üçün yıxılmasın".
Hazırda sözü gedən sənəd ətrafında müzakirələr gedir. Amerikanın bəzi ştatlarında bu fərmanın konstitusiyaya zidd olması ilə bağlı da fikirlər səslənir. Ona görə güman olunur ki, müəyyən müddətdən sonra qanun ləğv olunmasa belə prosedurlar sadələşəcək. Xüsusən ABŞ-a səfər edənlərlə bağlı süni baryerlərin müəyyən qədər azalacağı gözlənilir.
Vizası olan şəxs ABŞ-a müəyyən vaxt ərzində səfər etmək imkanı əldə edir. “Green cart” sahibi isə ABŞ-da yaşamaq hüququna malikdir. Bu kart vətəndaşlıq hüququ verməsə də bu hüququn əldə edilməsində ilkin mərhələdir. Həmin şəxs cinayət törətməyib qanunu pozmursa sonradan müvafiq qurumlara müraciət edib həmin ölkənin vətəndaşı ola bilər.
Jalə Qurbanova
- Baxış: 818