• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 01.02.2017 16:42

Etibar İbrahimov Hindistandan ayrılır?

KepezTV Player

Hindistanda çalışan azərbaycanlı futbol məşqçisi Etibar İbrahimov Asiya ölkəsindəki işindən ayrıla bilər. Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Əcnəbi həmkarlarımızın fikrincə, yerli futbol federasiyası Nikolay Adamın başçılıq etdiyi məşqçilər korpusunu  17 yaşadək futbolçulardan ibarət milli komandadan istefaya göndərməyə hazırlaşır.   

Xəbəri Almaniyada mütəxəssisin köməkçisi işləyən gəncəli məşqçi ilə dəqiqləşdirməyə çalışdıq. Vizasının vaxtını artırmaq üçün vətəndə olan İbrahimov baş verənlərdən Adamın vasitəsi ilə xəbər tutduğunu bildirib. 

Etibar İbrahimov- Hindistanın U-17 yığmasının məşqçisi: “Nikolay Adam mənə zəng çalıb belə bir şeyin olmasını dedi ki, Qranatkin turnirindən sonra bizdən narazı qalıblar. Adam “bizimlə işi davam etdirmək istəmirsizsə, fəaliyyətimizə son qoya bilərik” söyləyib. Ola bilsin ki, belə də olsun. Amma hələ ki, rəsmi qərar yoxdur, ortada yalnız söz-söhbət var. Yaxın günlərdə hər şey bilinəcək”.

Rusiyada Valentin Qranatkinin xatirəsinə keçirilən turnirdə Hindistan sonuncu yeri tutub. Komanda 5 oyunda uduzaraq, yalnız Belarusu məğlub etməyi bacarıb. Yığmanın zəif nəticəsi əcnəbi məşqçilərin istefaya göndərilməsinə zəmin yaradıb.

Etibar İbrahimov- Hindistanın U-17 yığmasının məşqçisi: “Ola bilər ki, bu nəticə federasiyanı qane etmir. Başa düşmək olar ki, nəticə də önəmlidir. Nəticəni İngiltərə, Fransa ilə dərhal verə bilərsən. Amma bu Hindistanda mümkün deyil, biz sehirbaz deyilik. Komandanın yaxşı çıxış etməsi üçün əlimizdən gələni edirik, amma bu birdən-birə baş vermir”.

İdman aləmində, xüsusən də futbolda məşhur bir deyim var: məşqçinin çemodanı həmişə yanında hazır olmalıdır. Uğur qazanmadısa, çemodanını götürüb getməlidir.

Etibar İbrahimov- Hindistanın U-17 yığmasının məşqçisi: “İş bu gün var, sabah yoxdur. Dünyanın ən güclü məşqçiləri belə şeylə üzləşib. Alnıaçıq postundan gedib sonra yenidən işlərini davam etdiriblər. Təbii ki, biz təkliflərə açığıq. 3 ay bundan öncə Nikolay Adama Çindən təklif gəlmişdi. Fikirləşmək olar. Gələcəkdə biz Adamla birlikdə çalışacağıq ya yox, onu bilmirəm. Amma həyat davam edir”.  

Etibar İbrahimov 2015-ci ilin aprelindən Nikolay Adamla birlikdə Hindistanda işləməyə başlayıb. Onların qarşısına qoyulan məqsəd komandanı 17 yaşlılar arasında ilin sonunda bu ölkədə keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlamaq olub.

Azad Rəfi