Gəncə və ətraf rayonların sahibkarları və aidiyyatı orqanlar vergi qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumatlandırılıb. Son günlər keçirilən silsilə tədbirlərdə 3000-dən çox iş adamının bununla bağlı təklif və müraciətləri dinlənilib.
12 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarında fəaliyyət göstərən, həmçinin Kəlbəcər rayonundan olan sahibkarlar bu ildən tətbiq olunan yeni vergi qanunvericiliyi ilə daha ətraflı tanış olublar. Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətləri, “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətləri, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələlər izah edilib.
Sahib Ələkbərov- vergilər nazirinin müavini: “Gəncə şəhərində 12-ci görüşü keçiririk. Görüşlər həm vergi orqanları əməkdaşları, həm də vergi ödəyiciləri ilə aparılır. Kifayət qədər ciddi və mürəkkəb dəyişikliklər var və onları izah etməyə ehtiyac var. Vergi ödəyicilərinin təklifləri, müraciətləri dinlənilir ki, gələcəkdə işimizdə, fəaliyyətimizdə korrektələr edilsin”.
Sahibkarlar tərəfindən irəli sürülən təklif və müraciətlər isə fərqli səpkidə olub.
Arif Həsənov- sahibkar: “Bir çox xarici ölkələrdə tətbiq olunub ki, vergi mağazada kvadratmetrə görə hesablanır, başqa heç bir vergi olmur. Yəni nə aldın, satdın fərqi yoxdur. Mağaza sahibi də bilir ki, bir vergi ödəyəcək. Bizdə də bunun tətbiqi çox yaxşı olardı, neqativ hallar aradan qalxardı. Un, buğda ƏDV-dən azaddır, amma makaron yox. Baxmayaraq ki, o da un məmulatıdır. Amma ƏDV bəyannaməsinin hesabat cədvəlində elə bir düstur qurulub ki, nəticədə makaron istehsal edən zavod külli miqdarda itkiyə məruz qalır”.
Rza Məmmədov- sahibkar: “200-dən çox yeni qanun qüvvəyə minib. Mən 1997-ci ildən sahibkarlıqla məşğulam. Hər yeni qanun yarananda bizdə elə bir təəssürat yaranır ki, hansısa çətinlik yaradacaq bizə. Amma, onlar ilkin təəssüratlar olur. Yeni qanunlarla işlədikcə görürük ki, yeniliklər sahibkarların daha səmərəli işləməsinə hesablanıb”.
Son iki həftə ərzində 54 rayonda fəaliyyət göstərən yerli sahibkarlarla görüşlər keçirilib. Bununla yanaşı, bütün yerli vergi orqanlarının əməkdaşları üçün seminar-müşavirələr baş tutub, vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılan dəyişikliklərin onlar tərəfindən necə mənimsənildiyi yoxlanılıb.
Xəyalə Mürsəl
- Baxış: 1153