Vətəndaşların sosial ədalət prinsipi əsasında pensiya alması məqsədilə yeni qanun layihəsi hazırlanıb. Layihə qəbul olunarsa pensiya ödənişləri yüksək olan vətəndaş baza hissəsinə uyğun deyil, yığım hissəsinə uyğun pensiya ala biləcək. Gələn aydan isə Gəncə şəhərində 45 230 pensiyaçının təxminən 99%-i öz pensiyasını artımla alacaq.
Pensiyanın sığorta hissəsində artım Gəncədə Kəpəz rayonu üzrə 24.641, Nizami rayonu üzrə isə 20.215 nəfərə şamil edilib. Yəni 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 44 856 əmək pensiyaçısının aldığı vəsaitin sığorta hissəsində atım var.
Bəyəli Xəlilov- DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdir müavini: "Bu rəqəm illik inflyasiya indeksinə uyğun olaraq 12.4% məbləğindədir. Bu sahədə işlər gedir. Pensiyaların sığorta hissəsi ilə bağlı məlumatlar kompüterin bazasına yığılıb. Fevaral ayının ödənişində yanvar qarışıq pensiyaların artımının ödənilməsi təmin olunacaq. Şöbədə 174 nəfər dövlət qulluqçusu və digər qulluq stajına əlavə almaq hüququ olan pensiyaçılardır. Onlardan başqa hamıya şamil olunur".
Nəzərdə tutulan artımlar "Əmək pensiyaları haqqında" 2006-ci ildə qəbul olunan qanuna uyğun olaraq hesablanır. Lakin Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilən yeni qanunda əmək pensiyalarının hesablanması zamanı 12 illik iş stajının və baza hissəsi deyilən anlayışın ləğvi nəzərdə tutulur. Qeyd edilən məqamlar dünya təcrübəsinə uyğun olaraq müsbət qiymətləndirilir.
Vüqar Bayramov- iqtisadçı: "Pensiyanın baza hissəsinin ləğvi birbaşa onunla bağlıdır ki, pensiyanın ödənişlərlə əlaqəsi daha da möhkəmlənəcək. Yəni, vətəndaş daha çox ödəniş edibsə, onun pensiyası baza hissəsinə uyğun deyil, ödənişlərə uyğun müəyyənləşsin. Bu da büdcədən asılılığın aradan qaldırılması baxımından vacibdir. Baza hissəsinin olması büdcədən asılılığın qorunub saxlanmasına gətirib çxıarırdı. Amma az işləyən şəxslər üçün müəyyən baza məbləğinin olmasına ehtiyac var ki, bu da nəticə etibarı ilə onların sosial vəziyyətinin qorunması baxımından vacibdir".
Yeni qanuna əlavə və dəyişikliklərin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Parlamentari Musa Quliyevin sözlərinə görə, layihəyə bundan öncə işçi qrupun geniş tərkibdə iclasında və Əmək və Sosial Siyasət Komitəsində baxılacaq. Müzakirələr zamanı deputatların da təklifləri nəzərə alınacaq.
Jalə Qurbanova
- Baxış: 1011