• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 25.01.2017 15:26

Göygöldə 5 yeni subartezian quyusu istifadəyə veriləcək

KepezTV Player

Bu il aqrar rayon olan Göygöldə əkinəyararlı yeni torpaq sahələri dövriyyəyə cəlb olunacaq. Torpaqların suvarılması da vacib olduğundan ərazidən keçən su kanalları təmir olunur, lildən təmizlənir. Həmçinin bu il rayonda 5 yeni subartezian quyusu da qazılaraq istifadəyə veriləcək.

Göygöldə əkinəyararlı olan 15 min ha torpaq sahəsi suvarılır ki, bu da 3 çay, 10 nasos stansiyası və 253 subartezian quyusu, həmçinin 3 kanal vasitəsilə həyata keçirilir. Suyun itkisiz əkin sahələrinə çatdırılması üçün ötən il istifadədə olan Ərəbli və Xanarxı kanallarında betonlama işləri aparılıb.

Ərəbli kanalı Göygöl Suvarma Sistemləri İdarəsinin ən uzun kanalıdır. Kanalın ümumi uzunluğu 25 km-dir və kanal vasitəsilə 925 ha torpaq sahəsi suvarılır. Yola saldığımız il isə kanalın 2 km betonlaşdırılıb.

Son 3 ayda yaz-yay mövsümündə daşqınların qarşısını almaq üçün 32 km kanal lildən təmizlənib. Bu isə bu il əkinə cəlb olunacaq yeni torpaq sahələrinin də suvarılmasına imkan verəcək.

İlqar Məhərrəmov- Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Ötən il 3 min hektar yeni əkin sahələri əkin dövriyyəsinə cəlb olunub. Bu il isə Şəmkir kanaldan müasir tipli qapalı borunun çəkilməsi başa çatdırıldıqdan sonra yenə də əlavə 3 min hektara yaxın əkin sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq.

Bundan başqa, rayonda təsərrüfatçıların su ilə bağlı problem yaşamaması üçün su-nasos və subartezian quyularında təmir işləri aparılıb. Nəticədə bu il üçün nəzərdə tutulan torpaq sahələrinin suvarılması vaxtından əvvəl yekunlaşıb.

İlqar Məhərrəmov- Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Çaylı kəndində 500 hektar ərazini suvarmaq məqsədilə müasir tipli qapalı boru şəbəkəsi çəkilib. Bundan başqa, 1 ədəd nasos stansiyası, 10 subartezian quyusu bərpa olunub, daha 30 subartezian quyusu əsaslı, 70 ədədi isə cari təmir olunaraq istifadəyə verilib. 2017-ci ilin məhsulu olan taxıl bitkilərindən 5 min hektar ərazinin birinci suvarılması artıq başa çatıb”.

Həmçinin ötən il rayon ərazisindən keçən 3 çayın məcrasında da təmizləmə işləri görülüb ki, bu da suvarmaya köməklə yanaşı daşqınların da qarşısını almış olub.
Elnur Vahidoğlu