Rayonun 3 kəndində aparılan işlər artıq son mərhələdədir. Odunla qızınan kəndlilər mavi yanacağın veriləcəyi günü səbirsizliklə gözləyirlər.
Məişətdə işlətmək üçün qaz balonu, evi isitmək üçün odun sobası. Səmədabad kəndinin sakinlərinin illərlə sürdüyü bu yaşam tərzi, onlara maddi baxımdan da əlverişli deyil.
Gülarə Məmmədova- kənd sakini: “Ayda 5 dəfə qaz balonu doldururuq, Pensiyamızın yarısı ona gedir. Özü də gedib uzaq yerlərdən Dəliməmmədlidən, Goranboydan doldurub gətiririk, o da 5 gün çəkmir qurtarır”.
Şahbaz Qarayev- kənd sakini: “Odun, yanacaq barədə çox çətinlik çəkirik. Həyətdəki calaq ağaclara qədər hamısını kəsib yandırırıq, daha o da qurtarıb. Xahiş edirəm bu qaz məsələsində bizə köməklik edərək mavi yanacaq çəkəsiniz. Qoy bu yaşımızda ölənədək isti evdə yaşayaq”.
200-ə yaxın təsərrüfatda 1000-dən artıq sakinin yaşadığı Goranboy rayonunun Səmədabad kəndinin qazlaşdırılması 2 ildir ki, davam etdirilib. Və işlər bir neçə ay bundan əvvəl tam olaraq başa çatdırılıb. Ancaq buna baxmayaraq, adıçəkilən kəndə mavi yanacağın verilməsi hələ də təmin olunmayıb.
Səmədabadın qonşu Sarov və Yolpaq kəndləri ilə eyni daşıyıcı xəttin üzərində yerləşməsi, mavi yanacağın kəndə verilməsini gecikdirir.
Qabil Qocayev- podratçı şirkətin iş icraçısı: “Səmədabad kəndindən keçən daşıyıcı qaz xətləri tam yekunlaşıb, 218 evə də sayğac quraşdırılıb. Yolpaq kəndində 148 sayğac quraşdırılıb, xətlər bərpa olunub. Sarov kəndində də 192 sayğac quraşdırmışıq xətlərin hamısında sınaq aparılıb. Yaxın günlərdə adıçəkilən kəndlərin hamısına qazın verilməsi təmin olunacaq”.
Gəncə Regional Qaz İstismarı Sahəsindən verilən məlumata görə, Goranboy rayonunun qazlaşdırılması 94% yerinə yetirilib. Səmədabad kəndinin qaz təsərrüfatı podratçı şirkət tərəfindən təhvil alınıb və 1 ay ərzində kəndə mavi yanacaq veriləcək. Sarov və Yolpaq kəndlərinin qaz xəttlərində isə test sınaq işləri aparılır.
Xaliq Qurbanlı
- Baxış: 496