• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 23.01.2017 15:06

Məşhur Gəncə səbətlərinin ustası

KepezTV Player

Bolluq-bərəkət rəmzi, natürmortların yaraşığı... İndi onu yalnız bayram günlərində sovqat göndərənlər alır. Söhbət məşhur Gəncə səbətindən gedir. Gəncədə səbəthörmə keçmişdən bəri əsasən Bağbanlar məhəlləsində kök salıb. Elə əməkdaşımız Gülnar Fazilqızı Bağbanlar məhəlləsinin sakini, Gəncənin yeganə səbəthörmə ustasının emalatxanasında olub.

"Səbəttoxuma sənəti yaşadıqca, elə bilirəm ki, atam yaşayır". 50 ildir səbət toxumaqla məşğul olan Vilayət Qurbanov belə deyir. O, hazırda Gəncədə bu sənəti yaşadan yeganə ustadır. Toxuduğu səbətlərdən, onların hazırlanmasından böyük həvəslə danışır Vilayət dayı. Səbətin hazırlanmasında qarğı və söyüd ağacının budaqlarından istifadə olunur. Uzun illərin ustası deyir ki, bu bölbəgə ən yaxşı qarğılar Goranboyda yetişir.

Səbət toxumazdan əvvəl qarğı üz qabığından təmizlənir və 8-10 hissəyə bölünür. Bundan sonra çubuqlardan hazırlanan xüsusi avadanlıq vasitəsi ilə səbət toxumağa başlayır. Gün ərzində ölçüsündən asılı olaraq bir və daha artıq sayda səbət hazırlamaq mümkündür.

Vilayət dayının emalatxanasında irili, xırdalı hər növ səbət tapmaq olur. İri səbət bir günə toxunursa, bunun əksi olaraq xırda səbətlər üç günə ərsəyə gəlir. Səbəb isə qarğının daha nazik hissələrə bölünməsi və elastik olması üçün 1-2 gün ərzində suda saxlanılmasıdır. İri səbətlər - məşhur "Gəncə bazarlığı" üçündür. Baxmayaraq ki, günümüzdə bu səbətləri bazara aparan insanların sayı demək olar ki yoxdur, bununla belə bu səbətlər Gəncə camaatının bazarlıq mədəniyyətini əksr etdirir.

Səbətlər əsasən Novuz bayramı ərəfəsində satılır. Ustanın əl işlərindən nübarlıq aparan, nişan, toy edənlər də yararlanır. Vilayət dayı qarğıdan güldan və meyvə qabları da toxuyur. Ustanı məyus edən digər bir məsələ isə gənclərin bu sahəyə marağının az olamsıdır, baxmayaraq ki, onun davamçısı da var.

Vilayət dayının bir sıra uğurları da var. O, bu illər ərzində bir çox sərgilərə qatılıb, xeyli sayda diplomlarla təltif olunub. Onun sorağı xarici ölkələrdən də gəlir. O, iki dəfə Fransada olub, xalqımızın qədim sənətini orada da nümayiş etdirib, tanıdıb.
Gülnar Fazilqızı