Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə erməni qəsbikarlarının 90-ci illərdən bəri xalqımızın başına gətirdiyi qanlı hadisələri əks etdirən foto və şəkillərlə tanış olublar. Daha sonra, tədbir iştirakçıları 20 yanvar hadisəsinin qurbanları və bu il 50 yaşı tamam olan Azərbaycanın Milli Qəhramanı Sərxan Ocaqverdiyevin həyatı və keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Şəhidin döyüşçü yoldaşları onun Şəfəq, Zeyvə, Tapqaraqoyunlu kəndlərinin müdafiəsində fəal iştirak etdiyini və düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə ad çıxardığına diqqət çəkiblər. Sərxan Ocaqverdiyev 1992-ci il mayın 5-də Talış kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Tədbirdə milli qəhramanın şərəfli həyatına həsr olunan film nümayiş etdirilib. Şəhidin adının əbədiləşdirilməsi üçün təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.
Gülizar Ocaqverdiyev- milli qəhrəmanın anası: “Bu gün də bizim oğullarımız yenə də hazırdır torpaqlarımızı geri qaytarmağa və canlarından keçməyə. Sağ olsunlar ki, şəhidlərimizi daim anırlar. Mənim oğlum yaşayır, ölməyib. Ümumiyyətlə, bu gün şəhidlərimiz yaşayır”.
Xaliq Qurbanlı
- Baxış: 681