Şəmkirli fermerlər soğan sahələrindən bol məhsul götürsələr də, qiymətlərin ucuz olması çəkilən zəhməti heçə endirib. O üzdən də yığılan soğanın yerli bazardan çox, qonşu Gürcüstanda satılmasına üstünlük verilir. Əməkdaşlarımızın Şəmkirdə ən çox soğan əkini aparılan Yeni həyat kəndində apardığı çəkiliş belə deməyə əsas verir.
Həmayə Məsimova- sakin: “Məhsul boldur, amma qiyməti yoxdur. Keçən il bu vaxt bir torbası 10-15 manat olub. İndi 2-3 manatdır. Camaatın əməyi hədər gedib. Çox əziyyət çəkilib. Kreditlə pul götürüblər. Məhsulları da pula getmir”.
Ötən il Yeni həyat kəndində 1000 hektardan çox sahədə soğan əkilib. Hər hektardan minimum 80 ton məhsul toplanıb. Əvvəlki illərlə müqayisədə yaranan məhsul bolluğu yerli bazarlarda qiymətlərə birbaşa təsir göstərib. Yəni bir kloqramı 30-40, bəzən 50 qəpiyə satılan soğan indi heç mayasını çıxartmır. Bu səbəbdən də təsərrüfat sahibləri soğanı xarici bazara çıxartmağa çalışır.
Raya Qasımova- sakin: “Əkmişik, indi də pula getmir. Sağ olsunlar, indi şərait yaradıblar ki, Gürcüstan zonasına, xarici dövlətlərə keçirtmək olur. İndi şükür, yaxşıdır, pis deyil. Aparıb satanlar var, razılıq edirlər”.
Aidiyyatı dövlət qurumlarının və yerli səviyyədə Gürcüstan tərəfi ilə aparılan danışıqların müsbət nəticələnməsi buna imkan verib. Yeni həyat kənd icra nümyəndəsi Mikayıl Orucovun sözlərinə görə, qonşu ölkədə bizim məhsula tələbat böyükdür. Hazırda Gürcüstan bazarlarında Azərbaycan soğanının bir kiloqramı minimum 40 qəpiyə alınır. Məhsulun kefiyyətindən asılı olaraq qiymət yüksəlir.
Mikayıl Orucov- Yeni həyat kənd icra nümayəndəsi: “Gürcüstanla əlaqə saxladıq və müqavilə bağladıq. Bu gün irəliləyiş var. Hal-hazıradək 80 tona yaxın məhsul ixrac etmişik. Gündəlik olaraq 40 ton göndəririk”.
Şəmkir rayonunda hər il ən azı 7 min hektar sahədə tərəvəz məhsulları becərilir. Sahələrdən minimum 140 min ton məhsul götürülür.
Natiq Hüseyn
- Baxış: 1517