• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 21.11.2016 17:10

Bu dəfə Göygöl, Samux, Şəmkir, Gədəbəy və Daşkəsən rayonun pedaqoqları sınağa çəkiləcək

Onların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi planlaşdırılır. Dekabırın 2-4-ü tarixlərində keçiriləcək imtahana hazırlıq işlərinə başlanılıb

Salman Balakişiyev -Göygöl rayon Təhsil Şöbəsinin müdir müavin: “Müntəzəm olaraq nazirliklə, o cümlədən qonşu rayonların təhsil şöbələri ilə əlaqə saxlayırıq. Hər bir rayon öz məktəblərinin müəllimlərinə lazımi məlumatlar verib. Ümid edirik ki, mərkəz olaraq Göygöl rayonun seçilməsi öz müsbət nəticəsini verəcək və diaqnostik qiymətləndirmə yüksək təşkil olunacaq”.

Bunun üçün ilkin olaraq sənədləşmə işləri  başa çatıb və Təhsil Nazirliyinə məlumat verilib. Qazax, Tovuz və Ağstafa istisna olmaqla qərb regionuna daxil olan rayonlarla yanaşı, ötən il Gəncədə keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsində müxtəlif səbəblərdən iştirak edə bilməyən və bu il pedaqoji fəaliyyətə başlayan müəllimlər də iştirak edəcək. Məktəb direktoru, onların müavinləri və laborantlar imtahandan azaddır. 

Salman Balakişiyev -Göygöl Rayon Təhsil Şöbəsinin müdir müavini: “İmtahan dövrü yaxınlaşdıqca orada stol, stul və digər texniki vasitələr quraşdırılacaq. Hər bir müəllim bir stulda oturacaq, heç kim heç kimə maneçilik etməyəcək, heç kimə köməklik göstərilməyəcək, hər müəllim öz bacarıq və qabiliyyətini üzə çıxaracaq”.

Diaqnostik qiymətləndirmə 3 gün ərzində yekunlaşacaq. 

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gün ərzində növbəli şəkildə baş tutacaq. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək imtahanda eyni anda 600-ə yaxın müəllim imtahan verə biləcək.

Sahib Rzayev -Göygöl Olimpiya İdman Kompleksinin direktoru: “Mühafizə sistemi təşkil olunub. Polis nəfərləri dəvət olunacaq, FHN-dən yanğın söndürənlər, təcili tibbi yardımdan həkimlər olacaq. Öz daxili imkanlarımızdan istifadə edib əmlakın qorunmasına, elektirk avadanlıqlarının saz işləməsinə, istilik sisteminin təmin olunmasına çalışacağıq. Təşkilatçılıqda bizlə problem olmayacaq”.

Müəllimlər diaqnostik qiymətləndirilmə haqqında ətraflı məlumat və təqdim olunacaq suallara oxşar testləri Təhsil Naziliyinin saytından əldə edə bilər. Diaqnostik qiymətləndirmənin əsas mahiyyəti müəllimlərin bilik və bacarıqlarını müəyyən etmək, zəif nəticələrlə bağlı tədbirlər görməkdir. 

Cəsarət Valehov -Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri: “Bu keyfiyyət əmsalını biz bildikdən sonra həmin tələbata uyğun olaraq da addımlar atırıq. Birinci addım müəllimlər təlimlərə cəlb olunması, yüksək nəticə göstərən müəllimlərin dərs yükünü daha optimal olması, onların müvafiq təcrübəsinin yayılmasıdır. Bütün bu proseslər vahid məkanı əhatə edir. Bu gələcəkdə bizim müəllimlərimizin təlimlərə cəlb olunmasında nələrin üzərində işləməli olduğumuz sualına da aydınlıq gətirir”.

Qiymətləndirmədə 60 sual təqdim olunacaq və 10 faizə düzgün cavab verən müəllimlər diaqnostik qiymətləndirmədən keçmiş sayılır. Zəif nəticə göstərənlər isə təlimlərə cəlb olunaraq növbəti imtahana cəlb ediləcək. 

Elnur Vahidoğlu