Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının yeniyetmə cüdoçuları ilə Gürcüstan idmançıları arasında yoldaşlıq görüşləri keçirilib.
"Yapon döyüş sənətinin həm Azərbaycanda, həm də Gürcüstanda böyük ənənələri var və bu amil cüdonun inkişafına yol açır". Bu fikirlər mütəxəssislər tərəfindən yarışın açılış mərasimində səsləndirlib. Belə birinciliklərin yeniyetmələrin karyerasına təsirindən də danışan natiqlər yarışdan-yarışa beynəlxalq arenada təcrübənin artdığına diqqət çəkiblər. Cüdoçulara dəstək olmaq üçün rəsmi hissəyə Rio Paralimpiya oyunlarının qalibi Ramil Qasımov da qatılıb. İdmançı təcrübəsinə arxalanaraq yarış iştirakçılarına öz tövsiyyələrini verib. Daha sonra yarışlar başlayıb. 12 çəki dərəcəsində 24 cüdoçunun mübarizə apardığı yoldaşlıq görüşlərində 2000-2002-ci il təvəllüdlü idmançılar qüvvəsini sınayıb.
İntiqam Hüseynov- TRİM-in Gəncə filialının direktoru: "Məqsədimiz şəhərlər arasında idmançıların dostluq əlaqələrini gücləndirməkdir. Eyni zamanda qeyd edim ki, olimpiadada Gürcüstandan cüdoçu olimpiya çempionu olmuşdu. Həmin çempion Qori şəhərinin yetirməsidir. O, idmançının məşqçisi də bura təşrif buyurub, bura komanda gətiribdir".
Gəncədə bu idman növü üzrə ilk dəfə keçirilən yoldaşlıq görüşünə Gürcüstanın Qori və Qardabani şəhərlərinin birləşmiş komandası gəlib.
Kartlos Pavliaşvili- Qori komandasının baş məşqçisi: "Birinci dəfədir ki, Gəncədəyəm. Buranı çox bəyəndim. Yarışdakı cüdoçuların hazırlığı yaxşı səviyyədədir. İnanıram ki, bu yoldaşlıq görüşləri davamlı olacaq və Gəncə komandası da Qoriyə gələcək".
Vasil Qvimradze- cüdoçu: "Yoldaşlıq görüşüləri gələcək yarışları üçün əhəmiyyət daşıyır. Xüsusilə də beynəlxalq görüşlər vacibdir. Çünki, burdakı rəqiblərini tanımırsan və bu da təcrübə qazanmaq baxımından vacibdir. Gəncədə mənim çəkimdə güclü idmançılar var. İstəyərdim ki, belə yarışlar tez-tez keçirilsin və dostluq münasibətləri daha da irəliləsin".
Gəncə ilə Gürcüstan şəhərlərinin idman əlaqələri yüksələn templə inkişaf etməkdədir. Belə ki, bundan öncə Təhsil idmançıları ilə Qori təmsilçiləri arasında basketbol və boks növləri üzrə yarışlar təşkil edilib. Noyabrın 17-də gürcüstanlı dəri əlcək ustaları növbəti dəfə sparinq döyüşləri üçün Gəncədə qonaq olacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 578