Yenidən müəyyənləşdirilən prespektivlər, ayrılan inkişaf əraziləri, əhalinin yaşayışı və istirahəti üçün yerlərin müəyyən edilməsi. Söhbət Göygöl şəhərinin baş planından gedir. Hansı ki, yeni hazırlanan layihə şəhər ictimaiyyətinin müzakirəsinə təqdim olunub.
Göygöldə mənzillə bağlı müraciətlərin sayı 2 minə yaxındır. 316 hektarlıq ərazi həmin müraciətçilərin ixtiyarına veriləcək. Belə ki, yaxın gələcəkdə bu ərazidə hündürmərtəbəli binalar və fərdi evlər tikiləcək.
Bununla da rayon mərkəzində əhalinin mənzillə təminatı məsələsi həll olunmaqla əhəmiyyət daşıyan digər prioritetlərin reallaşdırılması üçün imkan açılacaq. Kommunal-anbar və sənaye zonalarının yaradılması, şəhər ərazisindən keçən Gəncə çayının sahilində müasir üslubda parkın salınması buna misaldır. Ərazisinin 25 faiz artırılaraq 1258,2 hektara çatdırılması Göygöl şəhərinin yeni baş planında da öz əksini tapəb. Hansı ki, prespektiv inkişaf planına əsasən 2033-cü illə qədər olan dövrü əhatə edir.
Fəxri Aydəmir- Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini: “Baş planda Göygöl şəhərinin perspektivləri yenidən müəyyənləşdirilib. İnkişaf əraziləri ayrılıb, şəhər əhalisinin rahat yaşaması, istirahətinin təmin olunması üçün həm perspektiv inkişaf əraziləri ayrılıb, həm də park rekreasiya əraziləri müəyyənləşdirilib”.
İctimaiyyətə təqdim olunan yeni baş planda isə yaşayış, sənaye və rekreasiya istiqamətləri əsas götürülüb. Şəhərin məhz cənub istiqamətdə genişləndirilməsi heç də əsassız deyil.
Sevda Süleymanova- "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun şöbə müdiri: “Qərb tərəfdən Gəncə çay və sıldırım, sərt relyef, Bakı-Ələt Gürcüstan sərhəddilə magistral yol, sağ tərəfdən Kəlbəcər-Laçın yolu, eyni zamanda şərq hissədə sərt relyef - meyllilik 30 dərəcə olduğu halda biz şəhəri tikinti altına verə bilmərik. Odur ki, mütəxəssislər tərəfindən şəhərin genişləndirilməsi yalnız cənub istiqamətə doğru hesab edildi”.
Nazirlər Kabinetinə təqdim olunacaq layihə təsdiqləndikdən sonra müfəssəl baş plan işlənəcək.
Xəyalə Mürsəl
- Baxış: 816