Xocalı köçkünlərinin məskunlaşdığı Goranboyun Aşağı Ağcakənd qəsəbəsində kross yarışı keçirilib. Birincilik Xocalı rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə reallaşıb.
Xocalı şəhidlərinin xatirəsinə həsr olunan turnirdən öncə təşkilatçılar və yarış iştirakçıları qəsəbədə yerləşən “Ana fəryadı” abidəsini ziyarət edərək abidə önünə tər qərənfillər qoyub, faciədə həlak olanları ehtiramla anıblar. Abidə qarşısında təşkil edilən tədbirdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin heç vaxt unudulmadığı, daim əziz tutulduğu vurğulanıb.
Qədim Ellada torpağında qayaların üzərində belə bir söz yazılmış və müasir dövrümüzə qədər gəlib çatmışdır: gözəl olmaq istəyirsənsə - qaç, güclü olmaq istəyirsənsə - qaç, ağıllı olmaq istəyirsənsə - qaç! Aşağı Ağcakənddən olan uşaq və yeniyetmələr bir növ bu işi həyata keçirmək üçün start alıblar.
Yarışdan öncə atletlərə son təlimatlar verilib. İştirakçıların diqqətinə yol boyu onların təhlükəsizliyini post patrul xidməti əməkdaşlarının qoruyacağı, sağlamlığının keşiyində isə təcili tibbi yardım briqadasının duracağı çatdırılıb.
Məlumat xarakterli bildirişlərdən sonra birinciliyə start verilib. 2 km məsafəni əhatə edən krossa müxtəlif yaş qruplarından olan 60 məktəbli qatılıb. Yarış açıq birincilik xarakteri daşıdığından, mübarizəyə xocalılarla yanaşı, Goranboy və Kəlbəcərdən olan şagirdlər də qatılıb. Son nəticələrə əsasən, kəlbəcərli Məqsəd Orucov bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan əvvəl çatıb. İkici yeri Kənan Qasımzadə, 3-cü pilləni isə Elşad İmamquliyev tutub. Onların hər ikisi Xocalını təmsil edib.
Ramiz- Xocalı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi: “Ənənəvi yarışdır, Gənclər və İdman İdarəsi olaraq həmişə idman tədbirlərini həyata keçirməyə, rayonumuzda idmanın inkişafına töhfə verməyə çalışırıq. Xocalı rayonunda UGİM fəaliyyət göstərmədiyindən, yarışa cəlb olunanlar orta məktəblərin uşaqları idi. Uşaqların fiziki hazırlığını normal hesab etmək olar”.
Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində ilk 10-luğa düşən atletlərə həvəsləndirici fəxri fərmanlar təqdim edilib. Gələn ay digər idman növlərindən voleybol və şahmat üzrə xatirə turnirlərinin keçiriləcəyi qeyd olunub.
Azad Rəfi
- Baxış: 840