Gəncənin bulaqları. Bir vaxtlar əhali şəhərin müxtəlif yerlərində olan bu həyat mənbəyindən istifadə edə bilirdi. Adı ilə tanınan ağ sudan hər kəs dadmağa can atırdı. Son vaxtlara qədər şəhərin ictimai yerlərində olan bulaqların suyu qurusa da, yenilənmədən sonra onlardan birindən əhali tam istifadə edir.
Gəncənin Gülüstan qəsəbəsindəki 3 bulaq. Sakinlərin içməli su üçün üz tutduqları bu məkan indi də elə köhnə adı ilə çağırılır. Baxmayaraq ki, bulaqların sayı 10-a çatdırılıb. Gəncədə su və kanalizasiya sisteminin yenilənməsindən bu həyat mənbəyinə də pay düşüb. Təmir işləri ilə əlaqədar bir müddət gəlməsə də indi birbaşa Göygöldən gələn sudan əhali istifadə edir.
Vaqif Rzayev- sakin: “Qədimi Göygöl suyudur. Göygöl xəttindən su birbaşa gəlir, bura verilir. Razıyıq, istədiyimiz odur ki, həmişə bu su gəlsin, sudan istifadə edək. Ayrı ağ su kimi mənbəmiz yoxdur. Tez-tez gəlib doldururuq. Keyfiyyətli də sudur. Bizi də qane edir”.
Qane edən tək su deyil, həm də ətrafında yaradılan şəraitdir. 5-i köhnə bulaqların yerində, digərləri isə onlardan 20 metr aralıda yaradılan kompleks milli arqumentlərlə işlənilib, gecə işıqlandırılması ilə təmin olunub.
İslam Aslanov- sakin: “1993-cü ildən burada yaşayıram. Həmişə burada çinar ağacının dibində növbədə dururduq. Amma indi növbə yoxdur. Mən bir gündən bir gəlirəm. Ailə üzvlərimiz azdır, lazım olan qədər su doldurub gedirəm. Təmiz və keyfiyyətlidir”.
Şəhərdə yeganə olan bulaqlardan sutka ərzində fasiləsiz olaraq ağ su gəlir. Lakin... Çəkiliş apardığımız zaman heç də ürəkaçan olmayan mənzərənin şahidi olduq. Təəssüf ki, bəzən sudan istifadə edənlər bulaqları açıq qoyurlar. Bu isə israfçılıqdır.
İsrafçılığa yol verilməsin deyə, Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin əhalidən xahişi də var. Su krantlarının qorunması və istifadədən sonra bağlanması kimi. Çünki...
Bəxtiyar Məmişov- Gəncə Su Kanal Törəmə Səhimdar Cəmiyyətinin müştəri xidmətləri şöbəsinin rəisi: “Burada smartkart, yəni ön ödəyicili su sayğacı var. Həmin sayğaca ödəniş olunur və su gəlir. Ödəniş hissəsini birbaşa Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti həyata keçirir”.
İcra olunan layihə çərçivəsində Gəncənin bir neçə yerində də yeni bulaqların yaradılması plandadır.
Elnur Vahidoğlu
- Baxış: 517