Bolqarıstanın paytaxtı Sofiya şəhərində startı verilən samboçuların dünya çempionatında mübarizəyə qatılan Azərbaycan yığmasının üzvləri arasında ən titullusu Amil Qasımovdur. Gəncə sambo məktəbinin yetirməsi olan idmançı şöhrət ordenli əməkdar məşqçi Əli Hacıyevin tələbəsidir.
Əli Hacıyev- “Şöhrət” ordenli əməkdar məşqçi: “Amil məsuliyyətli idmançıdır, həmişə öz üzərində işləyir. Bu yarışa da yaxşı hazırlaşıb. 15 gün yığmanın təlim-məşq toplanışında iştirak edib. Formasını qoruyub saxlayıb”.
Amil Qasımov yarışların ikinci günü, yəni noyabrın 12-də döşək üzərinə çıxacaq. Buna kimi dünya çempionatının qızıl və gümüş medallarını qazanan samboçu mundialın əsas favoritlərindəndir. 74 kq-da güləşən Qasımovun yenə yüksək nəticə əldə edəcəyinə böyük ümidlər bəslənilir.
Əli Hacıyev- Şöhrət ordenli əməkdar məşqçi: “Yüksək nəticə Amilin qızıl medal qazanmasıdır. O, dünya çempionu və gümüş medalçıdır. Qasımovdan yalnız qızıl medal gözləyirik. Niyə? Çünki dünyanın ən güclü samboçusudur. Çıxış etdiyi çəkidə bütün güclü samboçuları məğlub edib. Yenə Azərbaycan komandasında ümidlər Amilədir”.
Dünya çempionatındakı uğurlu çıxışları ilə yanaşı, 2 qat Avropa çempionu da olan Amil Qasımovun medal kolleksiyasında Bakı 2015 ilk Avropa Oyunlarının gümüş mükafatı da var.
Azad Rəfi
- Baxış: 505