Ölkəmizi dünya miqyasında layiqincə tanıtdıran idmançılardan biri də Hacı Əliyevdir. İdman aləmində demək olar ki, bütün uğurlara imza atan sərbəst güləşçinin ən böyük qazancı Rio Olimpidasında əldə etdiyi bürünc medaldır.
Planetin ən böyük yarışına ilk dəfə qatılmasına baxmayaraq yarışdan bürünc medalla dönən idmançı 57 kq-da fərxri kürsüyə qalxıb. Olimpiadadakı uğurdan sonra bir müddət istirahət edən Əliyev hazırda fərdi qaydada hazırlıq keçir. Gələn ilin əvvəlindən yığma komandayla birgə təlim-məşq toplanışlarına qoşulacaq Hacını yeni mövsümdə bir sıra mötəbər yarışlar gözləyir.
Hacı Əliyev- güləşçi: “Olimpiya Oyunlarından sonra hələ elə bir yarışlarımız yoxdur, istirahət edirik. Yarışlarımız gələn il başlayır, qarşıda Avropa çempionatı və İslam Oyunları var. Ona kimi isə turnirlər olacaq. Çalışacağıq bu yarışlarda yaxşı nəticələr göstərək”.
Qısa müddətdə Azərbaycan güləşinin brend pəhləvanlarından birinə çevrilməyi bacaran Hacı Əliyev ikiqat dünya və Avropa çempionudur. Odur ki, dəyişikliklər astanasında olan güləş yığmamızda onun yeri toxunulmazdır. Çünki Hacının çəkisində Azərbaycanda qarşısına çıxan yoxdur.
Hacı Əliyev- güləşçi: “Gənc idmançılar çoxdur, amma elə bir rəqib görmürəm. Amma gənclər inkişaf edir, hər il yeni güləşçi çıxır. Gücümü saxlamağa çalışıram”.
Güləşçinin medal kolleksiyasında yeganə çatışmayan uğur olimpiya çempionluğudur. Hacının arzusu 2020-ci ildə Tokioda keçiriləcək 4 illiyin ən mötəbər yarışında qalib olmaqla bu çatışmazlığı aradan qaldırmaqdır.
Hacı Əliyev- güləşçi: “Yaşımız elə yaşdır ki, hələ idmanda uğur qazana bilərik. 2020-ci ilə kimi güləşmək və ikinci olimpiadamda qızıl və ya gümüş medal qazanmaq istəyirəm”.
Dünya güləşində kifayət qədər nüfuza malik olan Hacı Əliyev beynəlxalq arenada ilk uğuruna 2013-cü ildə imza atıb. O, Kazan Universidasında 3-cü yeri tutub. Əliyev həm də Bakı 2015 ilk Avropa Oyunlarının, eyni zamanda qitə çempionatının bürünc medalçısıdır.
Orxan Cəfərzadə
- Baxış: 324