Qərb regionunun iddialı komandaları hesabat turunda fərqli nəticələrə imza atıblar.
Tur çərçivəsində “Şəmkir” doğma meydanda MOİK ilə qarşılaşıb. Oyundan öncə aşağı liqada sentyabrın ayının ən yaxşı qolu nominasiyasında qalib olan meydan sahiblərinin futbolçusu Qeyrət Qənbərov PFL və yerli icra hakimiyyəti tərəfindən mükafatlandırılıb. Gənc yarımmüdafiəçinin “Zaqatala”nın qapısına vurduğu qol jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən birinci olub.
Matça gəlincə, hər iki komanda ilk dəqiqələrdən hücum futboluna üstünlük verərək qapılar önündə təhlükəli vəziyyətlər yaradıblar. Amma daha real qol epizodunu qırmızı-ağlar ərsəyə gətirməklə hesabı açıblar. Standart vəziyyətin davamında Ruslan Vorontsovun ötürməsindən sonra hərbçilərin çərçivə önündə unutduğu Şahin Baleljae topu boş qapıdan keçirib. İlk hissənin sonuna doğru MOİK daha bir zərbə alıb. Müşfiq Teymurov kobud oyuna görə önündə qırmızı vərəqə görüb və meydandan qovulub.
Azlıqda qalmasına baxmayaraq oyunun qalan vaxtında qonaqlar daha fəal oyun nümayiş etdiriblər. Amma inamlı müdafiə olunan “Şəmkir” futbolçuları qələbə hesabını sonadək qoruya biliblər. Bu qələbə ilə komanda xallarının sayını 16-ya çatdıraraq turnirdə cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyrət Qənbərov- “Şəmkir”in kapitanı, sentyabr ayının ən yaxşı qolunun müəllifi: “Mənə səs verənlərə öz təşəkkürümü bildirirəm, əsas qol yox, qələbədir. Zaqatalada mənim hər iki qolumla qələbə qazandıq. Bu gündə əzmkarlıq öz nəticəsini verdi, qələbə qazandıq. Ağır oyun idi.”
8-ci tura kimi maksimum nəticə göstərən aşağı liqanın lideri “Turan Tovuz” uğurlu çıxışını davam etdirmək üçün “Ağsu” ilə oyunda da meydana qələbə istəyi ilə çıxıb. Sonuncuların səfərdə müdafiə olunacağı gözlənilsə də, rəqibə açıq futbol təkilf edən qonaqlar ev sahiblərinin baş ağrısına çevriliblər. “Turan Tovuz” a layiqli müqavimət göstərən “Ağsu” klubu hətta qələbəyə də yaxın olub. Xüsusən də oyunun sonlarında Rüfət Quliyevin yetirmələri bir epizodda qol vurmaq şansı əldə etsələr də, tovuzluların qapıçısı Natiq Sərhətov komandasını məğlubiyyətdən xilas edib.
Əsgər Abdullayev- “Turan Tovuz”un baş məşqçisi: “Futboldur, futbolda hər şey olur. Hər halda bugünkü oyun məni qane etmədi. Elə istək, əzmkarlıq meydanda yox idi. Bu da arxayınçılığın bir növüdür”.
Rüfət Quliyev- “Ağsu”nun baş məşqçisi: “Hesab oyuna görə oldu. Qol imkanları oldu, istifadə olunmadı. Futbolun gözəlliyi qol, dili ötürmədir. Odur ki, yaxşı oyun keçdi”.
“Ağsu” qələbələri sıralayan “Turan Tovuz”u dayandırsa da, qərblilər yenə rəqibləri üçün əlçatmazdılar. Ən yaxın izləyicisindən 6 xal öndə olan komanda 22 xalla lider kürsüsündə əyləşib.
Azad Rəfi
- Baxış: 534