• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 939
— 18.06.2016 15:26

TRİM-in Gəncə filialında boks zalı təmir olunur

Tədris mövsümünün başa çatması ilə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında təmir-bərpa işlərinə start verilib. 3 korpus və 6 məşq zalından ibarət filialda görülən işlər maddi-texniki bazanın yaxşılaşdırılmasına hesablanıb.  

Sovet dövründə, daha dəqiq 1980-ci ildə istifadəyə verilən idman mərkəzinin boks zalı bir dəfə də olsun əsaslı şəkildə təmirə dayanmayıb. Düzdür, müəyyən vaxtlarda burada kosmetik işlər aparılıb, amma mövcud vəziyyəti nəzərə alaraq, durum qaneedici sayıla bilməz.

İntiqam Hüseynov- TRİM-in Gəncə filialının direktoru: “80-ci ildən tikilmiş bazadır, o gündən bəri nə cari, nə də ki, əsaslı təmir işləri aparılmayıb. Belə qərara gəldik ki, vəziyyəti düzəldək. Dam örtüyü bərpad idi, su axırdı, döşəmə çürümüşdü. Təhsil nazirliyinə müraciət etdik və onların dəstəyi ilə təmir-tikinti işlərinə start vermişik”.

Qərb regionunun ən böyük idman mərkəzi olan filialda ötən il Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə cüdo və ağır atletika zalları əsaslı yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilərək idmançıların ixtiyarına verilib. Bu qəbildən boks zalının təmiri də dəri əlcək ustaları üçün əlverişli məşq şəraitinin yaradılması ilə  hazırlıq səviyyəsinə müsbət təsir edəcək. Bu da son nəticədə məşqlərin keyfiyyətini artıracaq.

İntiqam Hüseynov- TRİM-in Gəncə filialının direktoru: “Gəncənin həmişə idman tarixi olub. Şəhər boksçuları ölkədə sözlərini deyiblər, belə şəraitdə səs-soraq salmışıqsa, təmirdən sonra həm kütləviliyə nail olarıq, həm də dərəcəli idmançılar yetişdirərik”.

Boks bölməsində 17 qrupun tərkibində 150-yə yaxın idmançının məşq etdiyi zalın dam örtüyü artıq yenilənib. Növbəti mərhələdə döşəmə dəyişdiriləcək, divarlar rənglənəcək.

Boks zalında təmir işlərinə bir həftə öncə başlanıb. Nəzərdə tutulan işlər gələn ayın əvvəlinə kimi başa çatdırılmalıdı. Çünki, iyulun 15-də məhz bu zalda Respublika əhəmiyyətli yarış keçiriləcək.

Azad Rəfi