• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 16.06.2016 14:58

Rasim Əliyev: “Turan Tovuzu”un Premyer Liqadan kənarda qalmağı bizdə şok effekti yaratdı”

Qarşıdakı mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasında 8 komandanın iştirakı dəqiqləşdiyindən “Turan Tovuz”u elitada görmək azarkeşlərə yenə nəsib olmayacaq. Premyer Liqada oynamaq üçün AFFA-nın güzəştinə ümid edən klub son illərdə olduğu kimi birinci divizionda çıxış etməli olacaq.

Tovuz klubu assosiasiyanın lisenziya tələblərini yerinə yetirə bilmədiyindən elitada mübarizə aparmaq arzusu elə arzu olaraq qaldı. Sponsor tapa bilməyən tovuzlular əsas tələbi  - bank təminatını yoluna qoymaqda çətinliklə üzləşdilər. Bununa belə qərblilər İcraiyyə Komitəsinin köməyi ilə məsələnin müsbət yöndə həlli ediləcəyini gözləyirdilər. Amma digər klublar kimi Turan Tovuza güzəşt edilmədi.  

Rasim Əliyev- “Turan Tovuz” futbol klubunun rəsmisi: "Düzü, biz ümid edirdik ki, bütün sənədləri uyğun gələn, uşaq futboluna töhfə verən, yaş qruplarının hamısında Azərbaycan çempionatlarında çıxış edən, yetirmələri ilə istər yığma komandada, istərsə də aparıcı klublarda təmsil olunan belə bir komanda elitada çıxış edəcək. Ancaq “Turan Tovuzu”un Premyer Liqadan kənarda qalmağı, sözün düzü bizdə şok effekti yaratdı. Bunun üçün olduqca təəssüflənirik. Amma hər halda qərar qərardır".

Sonuncu dəfə 2012/2013 mövsümündə Premyer Liqada oynamış “Turan Tovuz” artıq 3 mövsümdür ki, yüksək liqaya həsrətdir. Birinci divizionda yarışan klub əvvəlki iddiasından xeyli uzaq düşüb. 

Rasim Əliyev- “Turan Tovuz” futbol klubunun rəsmisi: "Komanda Premyer Liqada çıxış etsəydi, uşaq futbolu daha yaxşı inkişaf edərdi. Çünki, istər Azərbaycandan, istər kənardan komandamıza müəyyən oyunçular dəvət olunacaqdı. Vaxtilə də belə olub. Yerli futbolçuların yetişməsində kənardan gələnlərin böyük rolu olmuşdu. Ona görə bu, lazım idi. Buna baxmayaraq, biz öz missiyamızı davam etdirəcəyik. Həmişə olduğu kimi yenə Azərbaycan futbolu üçün  futbolçular yetişdirəcəyik".

Xatırladaq ki, AFFA tərəfindən sonra əlavə olaraq iyunun 13-nə kimi Premyer Liqada oynamağa iddialı klublara lisenziya şərtlərinə tam əməl etmək üçün son vaxt verilmişdi. Komandalar verilən müddət ərzində bütün çatışmazlıqları aradan qaldırmalı olsalar da, buna nail ola bilməmişdilər. 

Azad Rəfi