Gəncənin yeniyetmə boksçuları açıq Bakı birinciliyində mükafatçılar sırasında yer alıblar. Paytaxt yarışında Nizami yurdunu təmsil edən 2 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələri fəxri kürsüyə yüksəlib.
Azərbaycan Boks Federasiyasının zalında təşkil edilən birincilikdə 2002-2003-cü il təvəllüdlü dəri əlcək ustaları rinqə yumruq oynadıb. 36 komandadan 231 boksçunun iştirak etdiyi yarışda idman ocağı 2 idmançı təmsil edib. Məşqçi Etibar Məmmədovun rəhbərliyi ilə paytaxta yollanan boksçuların hər ikisi ümidləri doğruldub.
Etibar Məmmədov- məşqçi: "Ümumi yarış haqqında deyə bilərəm ki, yetirmələrimin çıxışı məni qane etdi. Onlardan biri birinci, biri isə ikinci yeri tutdu. Boksçuların ikisi də qızıl medala layiq görülə bilərdi. Amma müəyyən səbəblərdən uşaqlardan biri gümüş medal qazandı. Gələcəkdə həmin yetirməm daha çox çalışaraq bundan da yaxşı yerə sahib olar".
UGİM-in boksçularından 59 kq-da vuruşan Asif Hüseynov bütün rəqiblərini məğlub etməklə, yarışın qalibi olub. 68 kq çəkidə yarışan Mirxəyal Məmmədov isə yalnız finalda udazaraq 2-ci yeri tutub.
Asif Hüseynov- yarışın qalibi: "Doqquz dəfə müxtəlif yarışların qalibi olmuşam. Bakıda keçirilən açıq birincilik qızıl medallarımın sayını artırmaq baxımından mənim üçün şans idi. Bu yarışda da rəqiblərimə qalib gələrək çempion oldum".
Mirxəyal Məmmədov- yarışın gümüş mükafatçısı: "Mən Bakı birinciliyinə qalib olmaq üçün getmişdim. Finala qədər irəliləsəm də həyəcanlı olduğum üçün uduzdum və gümüş medala yiyələndim”.
2 saylı UGİM-in boksçuları iyunda respublika birinciliyində qüvvələrini sınayacaqlar. İdman məktəbinin komandası bu dəfə daha geniş - 8 nəfərlik heyətlə Bakıya yollanacaq.
Orxan Cəfərzadə
- Baxış: 958