Kikboksinq üzrə peşəkarlar arasında reytinq və Azərbaycan kəməri uğrunda döyüşlər keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarış Göygöl Olimpiya İdman Mərkəzində baş tutub.
Açılış mərasimi ilə başlayan yarışda ənənəvi olaraq düzənlənən döyüşlərin önəmi diqqətə çatdırılıb. Bu cür turnirlərin idmançılara psixoloji cəhətdən müsbət təsir etdiyi və gənclərin vətənpərvərlik ruhunda yetişməsində rol oynadığı ifadə olunub. Rəsmi hissədən sonra döyüşlərə start verilib.
Bundan öncə Naxçıvan və Ağdamda keçirilən peşəkar döyüşlər ilk dəfə qərb regionunda baş tutub. Buna baxmayaraq, yarışa maraq böyük olub.
Zaldakı tamaşaçıların say çoxluğu da buna sübut olub. Döyüşləri izləyən kikboksinq həvəskarları arasında tanınmış mütəxəssislər və idmançılar, o cümlədən Göygöldə təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə yığma komandanın üzvləri də olub. Yarışa gəlincə, peşəkarlar arasındakı mübarizələrdə 8 çəkidə 9 döyüş keçirilib. Bu görüşlərdən 2-si Azərbaycan kəmərinin müdafiəsi uğrunda baş tutub. 7-si isə reytinq xarakteri daşıyıb. Azarkeşlərin həyəcanla seyr etdiyi döyüşlər gərginliyi ilə seçilib.
Adil Əliyev- Kikboksinq federesiyasının prezidenti: "Regionlarda da döyüş növlərinə marağı artırmaq üçün biz bu yarışlarımızı bölgələrdə keçiririk. Hesab edirəm ki, maraqla qarşılanan peşəkarlar arasındakı turnirimizin nəticəsi də yaxşı olacaq. Biz bu cür yarışların sayını artırmalıyıq ki, kikboksinqçilər beynəlxalq yarışlara, K 1 və Qloriya çempionatlarına, həmçinin dünya və Avropa kəməri uğrunda döyüşlərə hazır olsunlar. Və biz onların ən yaxşılarını seçək".
Yarışda qərb bölgəsindən 2 kikboksinqçi mübarizə aparıb. 71 kq-da Eşqin Nuriyev Göygöl, eyni çəkidə döyüşən Elxan Əliyev isə Gəncəni təmsil edib. Göygöllü idmançı məğlub olsa da, Elxan Əliyevin qələbəsi gecənin ən yaddaqalan döyüşü olub.
Elxan Əliyev- yarışın qalibi: "Bu, peşəkarlar arasında ilk döyüşüm idi. Buna baxmayaraq, çıxışım uğurlu alındı və birinci raundda rəqibimi nokauta saldım. Məni bu yarışa yüksək səviyyədə hazırladığı üçün, müəllimimə təşəkkür edirəm. Bunun davamını gətirmək istəyirəm. Qalib olmaq üçün hazırlaşacağam".
Peşəkarlar arasında növbəti döyüşlər aprelin sonunda reallaşacaq. Göygöldəki yarışda rəqiblərini məğlub edən idmançılar bu dəfə Neftçalada rinqə çıxacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 1230