Bakıda sürücü törətdiyi qəzada həyatını iyirib. Lənkəranda da yol qəzası baş verib. Şirvanda isə piyadanın ölümünə səbəb olan sürücü iki il sonra həbs olundu.
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində ölümlə nəticələnəm yol qəzası baş verib. Ağdaş rayon sakini Zahir Bayramovun idarə etdiyi “Mercedes” və Orxan Qarayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşması nəticəsində Orxan Qarayev elə hadisə yerindəcə keçinib. “VAZ-2107” markalı avtomobilin sərnişini Təbriz Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Lənkəranda da yol qəzası baş verib. Xoşbəxtlikdən ölüm hadisəsi baş verməsə də iki nəfər xəsarət alıb. Hadisə Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini Elman Həsənovun idarə etdiyi “Mercedes” markalı, minik avtomobili digər Astara sakini Mircavan Qasımovun idarə etdiyi “Hyundai” markalı, minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyməklə yanaşı, onların sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.
Şirvanda isə 2 il əvvəl piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin dekabrın 17-də Şirvan sakini, 51 yaşlı Fazilə Cəfərovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü həbs edilib. Həmin şəxsin VAZ-21063 markalı avtomobilin sürücüsü, Sabirabad rayon sakini Amil Abbasovun olduğu müəyyən edilib. Qeyd edək ki, Fazilə Cəfərova aldığı xəsarətlərdən Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib. Hadisə yerindən qaçan, kimliyi məlum olmayan sürücünün və avtomobilin axtarışları 2 il davam edib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 422