• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 18.01.2016 15:13

Gəncədə kikboksinq üzrə Uşaq Gənclər Fiziki Hazırlıq İdman klubunun açıq birinciliyi keçirilib

Yarış 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.

Birinciliyin açılış mərasimində çıxış edən təşkilatçılar son vaxtlar ölkəmizdə kikboksinq idman növünün populyarlaşmasını, bunun nəticəsi kimi bölmələrə üzv olanların sayının günü-gündən artığını diqqətə çatdırıblar. Açılış mərasiminin ardınca döyüşlər start götürüb. Kikboksinqin lou-kik, full kontakt və lou-kontakt versiyalarında keçirilən yarışda 300-ə yaxın idmançı qüvvəsini sınayıb. Uşaq, yeniyetmə, gənclər və kişilər arasında reallaşan döyüşlər 33 çəki dərəcəsində baş tutub.

Əhməd Hacınəbiyev- Uşaq Gənclər Fiziki Hazırlıq İdman klubunun baş təlimatçısı: “Yarışı keçirməkdə məqsədimiz, ilk növbədə gəncləri kikboksinq idman növünə cəlb etmək, onların pis vərdişlərdən uzaq tutulması, gənc nəslin təlim-tərbiyəsində rol oynamaqdır. Perspektivli idmançıları aşkar etmək onları böyük yarışlara hazırlamalıyıq”. 

Yarışda Nizami Yurdunun idmançıları ilə yanaşı, Bakı, Mingəçevir, Samux, Şəmkir, Kəlbəcər, Goranboy, Göygöl, Tərtər və Gürcüstanın təmsilçiləri də iştirak edib. Nəticələrə əsasən, kişilər arasında Yusif Həsənov, Atəş Atəşli, Əsgər Rəhimov, Vaqif Qasımov, Qorxmaz Quliyev, Fətəli İbrahimov, Elşad Nuriyev, Sahib Quliyev və Mustafa Abbaslı birinciliyin qalibi adını qazanıb.

Qeyd edək ki, əldə olunan medalların sayına görə komanda hesabında Uşaq Gənclər Fiziki Hazırlıq İdman klubunun yetirmələri 1-ci, 2 saylı UGİM 2-ci, Bakı idmançıları isə 3-cü olub. Mükafatçılar sırasına düşən idmançılar medal, diplom və kubokla təltif edilib.

Hidayət Şahin