Gəncə boksçuları boks üzrə Bakının açıq birinciliyində iştirak ediblər. Nizami yurdundan yarışda 2 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələri də mübarizə aparıb.
Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində reallaşan birincilikdə Bakı boksçuları ilə yanaşı, bölgələrdən olan dəri əlcək ustaları da qüvvəsini sınayıb. 22 klubdan 190 idmançının çıxış etdiyi yarışa Gəncədən qatılan 2 saylı UGİM-in boksçuları fəxri kürsüdə yer alıblar. Məşqçi Turqay Əliyevin yetirmələri paytaxtın açıq birinciliyində 2 medala sahib olub.
Turqay Əliyev - məşqçi: "Bakı şəhər açıq birinciliyinə 3 nəfərlik heyətlə qatıldıq. Orada bir qızıl və bir bürünc medal əldə etdik. Bu çox yaxşı nəticədir. Yanvar ayında keçiriləcək yarışda 5 nəfərlə iştirak edəcəyik. Çalışacağıq ki, həmin yarışda da uğurlu nəticə qazanaq".
Yarışda 48-kq-da çıxış edən Nəbi İsgəndərov rinqdə rəqib tanımayıb və birinciliyin baş mükafatına yiyələnib. Bakı yarışında fəxri yer tutan digər boksçu isə Vaqif Məhərrəmov olub. O, 46 kq çəkidə 3-cü yerə layiq görülüb.
Vaqif Məhərrəmov -yarışın bürünc mükafatçısı: "Yarışda ciddi hazırlaşmışdıq. Məqsədimiz çempion olmaq idi. Bəxtim gətirmədi. Dörd görüş keçirdim. Onlardan üçündə qalib gəldim. Yarımfinalda isə tərtərli rəqibimə məğlub olaraq 3-cü yerə layiq görüldüm".
2 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələri daha bir sınaq qarşısındadılar. Yanvarın sonunda dəri əlcək ustaları respublika birinciliyində mübarizə aparacaqlar. Bu yarışda ilk pillədə qərarlaşan boksçular may ayında baş tutacaq Avropa birinciliyinə vəsiqə qazanacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 1023