Ölkə ərazisində yenə də yol qəzaları baş verib. Sürücü məsuliyyətsizliyi, yüksək sürət və ya başqa səbəbdən. Hər nə səbəbdən olursa olsun nəticə kifayət qədər ağırdır.
Bakının Binəqədi qəsəbəsində Sumqayıt şəhər sakini Rasim Şahverdiyevin idarə etdiyi “Opel” markalı avtomobil Bakı şəhər sakini Pərviz Hüseynovun idarə etdiyi “KRAZ”la toqquşub. Nəticədə Rasim Şahverdiyevin sərnişinləri, həmyerliləri Maral Əzizova və Mirasim Ağayev hadisə yerində ölüblər, xəsarət alan sürücü isə xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Masallıda da yol qəzası insan itkisi ilə nəticələnib. Rayon sakini Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 25-30 yaşlarında kişini vurub və nəticədə piyada hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. 42 yaşlı Mehman Tağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməyib və nəticədə maşın qarşıdan gedən "KamAZ"-a çırpılıb. Mehman Tağıyev və onun sərnişini 51 yaşlı Zümrüd Qurbanova ağır bədən xəsarətləri alıblar.
Hacıqabulda da bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax yolunun 110-cu kilometrliyində, Rəncbər kəndi ərazisində Şirvan sakini Elnur Feyzullayev minik avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil Beyləqan sakini Ədalət Süleymanovun idarə etdiyi yük maşınına çırpılıb. Zərbənin təsirindən minik avtomobilinin sürücüsü Elnur Feyzullayev xəsarət alıb və Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Şirvan şəhərində isə sərxoş sürücü qəza törədib. Hadisə Şirvan-Salyan avtomobil yolunun şəhərin Hacıqəhramanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan sakini Əlizadə Məmmədov "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə yuvarlanaraq aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bu gün səhər saatlarında Qusar-Xudat avtomobil yolunda da qəza baş verib. Sərnişin daşıyan “Qazel” 29 yaşlı Xudat sakini Rüfət İlyasovun idarə etdiyi “VAZ 21 099” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. İlkin ehtimala görə, qəzaya yolun hərəkət hissəsinin buz bağlaması səbəb olub. Bütün faktlarla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
- Baxış: 625