Poçt şöbəsi, yaşayış evi, mağaza və avtomobil yarılıb.Bakıda naməlum şəxslər Əhmədli kəndi, Şahin Səmədov küçəsində yerləşən “Azərpoçt” MMC-in 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər. Oğrular poçt şöbəsinə binanın yan tərəfindəki pəncərədən daxil olublar. Pəncərədəki dəmir barmaqlıqları kəsən şəxslər içəri daxil olaraq kassada olan 110 manat, 200 dollar pulu və poçt markalarını aparıblar. Oğrular içəri daxil olmazdan əvvəl xəbərdarlıq sistemini sıradan çıxarıblar. Bu səbəbdən Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməliyyatçıları hesab edirlər ki, oğurluğu poçta bələd olan şəxslər törədiblər. Cinayətkarlarının müəyyənləşdirilməsini çətinləşdirən məqamlardan biri poçt şöbəsində mühafizə kameralarının quraşdırılmamasıdır. Əraziyə gələn istintaqçılar poçt əməkdaşları və ətrafda yaşayanlarla söhbətlər aparıblar. Şəxslərin müəyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.
Balakəndə isə oğurluq edən şəxslər qanundan qaça bilməyiblər. Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonda ərzaq mağazalarını soyan iki nəfər tutulub. Saxlanılanlar 44 yaşlı, əvvəllər məhkumluq həyatı yaşayan Balakən şəhər sakini Kamran Vasayev və 35 yaşlı Əhməd Musayevdir. İstintaq tədbirləri nəticəsində şəxslərin rayon sakinlərinə məxsus beş ərzaq mağazasını qarət etdiyi məlum olub. Mağazalardan ümumilikdə 4 min manat dəyərində müxtəlif növ tütün məmulatları və ərzaq məhsulları oğurlanıb.
Göygöldə isə yaşayış evindən oğurluq edilib. Hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb. Onun bildirdiyinə görə, oğurluq baş verən gün ev sakinləri axşam saat 22-ə kimi toyda olublar. Geri qayıdanda isə evin qapısının açıq olduğunu görüblər. Pəncərədən evə girən oğrular mənzildə olan sandığın içərisindən 1 milyon 200 min rus rublu və gəlin üçün alınan 200 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar. İlhanə Bağırovanın şikayəti əsasənda Göygöl rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.
Bakı şəhər Məhəmməd Hadi küçəsi 6 ünvanında yaşayan Elnur Qurbanova məxsus “KİA” markalı minik maşını naməlum şəxs tərəfindən qarət edilib. Zərərçəkənin sözlərinə görə, avtomobili qaraj olmadığı üçün adəti üzrə binanın həyətində saxlayıb. Avtomobilinin qarət ediləcəyini düşünməyib. Ancaq ağlına gəlməyən hadisə başına gəlib.
Məhəmməd Hadi küçəsində son bir ay ərzində bir neçə dəfə avtomobillərdən oğurluq edilib.
Faktla bağlı Xətai RPİ-nin 34-cü polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Vəfa Şairova
- Baxış: 1460