• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 07.01.2016 18:49

Bakıda qızıl alverçisini qətlə yetirənlərlə bağlı məlumat yayılıb

Bakıda qızıl alverçisini qətlə yetirənlərlə bağlı məlumat yayılıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu qətli törətməkdə şübhəli bilinənlərin adlarını açıqlayıb. Bu gün paytaxtda daha bir qətl hadisəsi qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.

Belə ki, yanvarın 5-də saat 09 radələrində 51 yaşlı Məryam Namet-zadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə və quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 28 yaşlı Günel Hüseynova, bacısı oğlu 18 yaşlı Nicat Eyvazov və 19 yaşlı Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paytaxtda daha bir qətl törədilib. Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsindən  verilən məlumata görə, hadisə bu gün rayonun Rüstəm  Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Fərid Abbasovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Hazırda hadisənin baş vermə səbəbləri və qətli törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

 

İlham Məmmədzadə