Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi düşmüş 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür.1987-ci ilin sonlarından etibarən qondarma Dağlıq Qarabağ problemi, Ermənistanın ərazi iddiaları və radikal millətçiliyin qızışdırılması ölkədə gərginliyi artıraraq xalqı ərazi bütövlüyünün müdafiəsi naminə ayağa qaldırmışdı. Bu proseslər geniş xalq hərəkatının yaranmasına və milli azadlıq mübarizəsinə çevrilmişdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet qoşunları Bakıya və bir sıra rayonlara yeridilərək dinc əhaliyə ağır silahlardan atəş açıb. Nəticədə 147 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Ölənlər arasında qadınlar, uşaqlar, qocalar, təcili yardım işçiləri və milis əməkdaşları da var. Hadisədən bir gün sonra Heydər Əliyev Moskvada bəyanatla çıxış edərək bu qırğını kəskin pisləyib. Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
- Baxış: 55
