Prezident İlham Əliyev kəşfiyyat və vəkillərlə bağlı yeni qaydaları təsdiqləyib
Prezident İlham Əliyev kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi qaydasını təsdiqləyən Fərmanı imzalayıb. Yeni qaydalar dövlət büdcəsindən və digər mənbələrdən ayrılan vəsaitlərin istifadəsinə nəzarəti nəzərdə tutur.
İlham Əliyev həmçinin vəkillərin fəaliyyəti ilə bağlı bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliyə görə, vəkillər mülki işlərdə və kassasiya instansiyasında özlərini təmsil edə biləcək, cinayət prosesində isə bəzi hallarda müdafiəçidən imtina etmək hüququna malik olacaq. Vəkillər Kollegiyasının strukturu genişləndirilir – İntizam və İxtisas Komissiyaları rəsmən əlavə edilir, regional və tədris mərkəzlərinin yaradılmasına imkan verilir. Vəkilliyə qəbul qaydaları və tələblər də yenilənir, dövlət qulluğuna keçdiyi üçün fəaliyyəti dayandırılan şəxslərin yenidən vəkil kimi çalışma mexanizmi müəyyən olunur. Həmçinin Rəyasət Heyətinin sədrinin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılır və intizam prosedurları təkmilləşdirilir. Vəkillər Kollegiyasının qərarlarından məhkəməyə şikayət hüququ isə təsbit olunur.
- Baxış: 43
