Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 13:41

Gəncədə yol təhlükəsizliyi tədbirləri gücləndirilib

Gəncə şəhərində piyada və nəqliyyat vasitələrinin təhlükəsiz, o cümlədən fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu fikri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Kəpəz FM-ə açıqlamasında deyib. Onun sözlərinə görə, şəhərdə, xüsusən də hərəkətin intensiv olduğu ərazilərdə nəzarət gücləndirilib, qayda pozan sürücülərə qarşı tədbirlər görülür. 


Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru: "Təhlükəsizliyin artırılması məqsədilə xüsusi texniki vasitələrdən, radar qurğularından və nəzarət kameralarından fəal şəkildə istifadə olunur. Bundan başqa, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri də mütəmadi olaraq davam etdirilir. Belə ki, polis əməkdaşları tərəfindən məktəblərlə görüşlər keçirilir, uşaqlara piyada keçidlərindən düzgün istifadə, yol nişanlarının mənası və ümumi təhlükəsizlik qaydaları barədə əyani izahlar verilir. Sürücülərə tövsiyə olunur ki, yollarda müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, xüsusən də məktəb, dayanacaq və piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltsınlar. Sürücülük zamanı, yəni hərəkət zamanı telefondan istifadə etməsinlər, diqqətlərini yalnız hərəkət istiqamətində saxlasınlar. Bundan başqa, sürücülər avtomobillərinin texniki vəziyyətinə də mütəmadi olaraq nəzarət etməlidirlər, işıq sistemi, əyləclər və təkərlərin saz vəziyyətdə olmasından əmin olmalıdırlar. Qanunla müəyyən edilmiş dayanma və durma qaydalarına əməl etmələri, yolu süni şəkildə daraltmaqla digər hərəkət iştirakçılarına mane olmamaqları tövsiyə olunur. Piyadalara isə yalnız yolun piyada keçidlərindən və yaşıl işıqda keçmələri tövsiyə olunur. Xüsusən də son zamanlar piyadaların vurulması ilə nəticələnən hadisələri təhlil etdikdə, piyadaların qulaqlıqla musiqi dinləmək və ya mobil telefona baxmaq kimi diqqət yayındıran hərəkətlərinin buna səbəb olduğu müəyyən olunur. Onlara tövsiyə olunur ki, bu tip hərəkətlərdən çəkinsinlər. Uşaqlara yol hərəkəti qaydalarının valideynlər tərəfindən öyrədilməsi və onlara valideynlərin nümunə olması tövsiyə olunur. Axşam saatlarında və ya zəif işıqlanma şəraitində parlaq və ya əks etdirici elementli geyimlərdən istifadə olunması da məsləhət görülür".