• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 01.09.2024 16:17

Rayonlarda seçki prosesi

KepezTV Player

Gəncə ilə yanaşı ətraf rayonlarda da seçkilər baş tutub. Seçki məntəqələrinə müxtəlif səbəblərdən gələ bilməyənlərin ünvanına daşınan qutular aparılıb. Eyni zamanda məntəqələrdə seçkinin şəffaflığının qorunması üçün veb-kameralarla canlı nəzarət təşkil olunub.

54332 nəfərin səsvermə hüququ olduğu 101 saylı Samux - Şəmkir seçki dairəsinin məntəqələrində seçkilər start götürən ilk dəqiqələrdən aktivlik hiss olunub. Burada seçicilərin rahat şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb.

Esmira Ələkbərova- seçici: “Səsvermə çox şəffaf və demokratik şəkildə keçirildi. Vətəndaşlarımızın axını çoxdur. Mən də gələcəkdə yeniliklər üçün, uğurlar üçün öz layiqli namizədimə səs verməyə gəlmişəm”.

8 nəfərin namizədliyinin qeydə alındığı dairənin 32 məntəqəsi Samuxda, 24-ü isə Şəmkirdə fəaliyyət göstərib. 101 saylı dairədə ilk dəfə səs verənlər 355, 80-100 yaş arası seçicilərin sayı isə 819 nəfər təşkil edib.

Bayram Qasımov- 101 saylı DSK-nın sədri: “Aktivlik normal səviyyədədir. Heç bir şikayət daxil olmayıb, heç bir pozuntuya yol verilməyib”.

Goranboyda da seçicilər parlament seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə üz tutublar. Məntəqələrdə müşahidəçilərlə yanaşı quraşdırılan veb-kameralar vasitəsilə də prosesi izləmək mümkün olub.

Suzan Həsənova- seçici: “Çox şəffaf  keçdi. Biz bu seçkilərdən razıyıq. Nə cür lazımdırsa, ruh yüksəkliyi ilə biz gəldik səsverməyə. Biz inanırıq ki, bizim seçdiyimiz namizəd Milli Məclisdə nə cür lazımdırsa, bizi təmin edəcək”.

Göygöldə də seçicilər öz hüquqlarından istifadə ediblər. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər dairəsində 3-ü qapalı olmaqla 98 məntəqədə 53754 nəfərin səs verməsi üçün hər cür şərait yaradılıb. Sözügedən dairədə həmçinin 100-dən çox yaşı olan 4 seçici üçün daşınan qutu təşkil edilib.

Rauf Mehdiyev- seçici: “Biz ümid edirik ki, bu deputatlarımız bizim gələcək taleyimizi firavan edər, xalqımız firavan yaşayar. Çox gözəl, hər şey rahat, qayda-qanunla. Öz səsimi də verdim, öz istədiyimə”.

İftixar Hüseynov- 100 saylı DSK-nın sədri: “100 saylı Göygöl-Daşkəsən seçki məntəqələri üzrə bütün məntəqələrimizdə 7 namizədimiz qeydiyyata alınmışdır. İstədikləri namizədə səs vermələri üçün şərait yaradılmışdır. 1500-dən çox müşahidəçi qeydiyyatdan keçib”.

Gəncədə müvəqqəti məskunlaşan Kəlbəcər sakinləri də səsvermə hüququndan istifadə edib. 123 saylı Kəlbəcər Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə üçün bütün imkanlar yaradılıb. 1463 nəfər seçici sayı olan məntəqədə 22 nəfərin yaşı 18-i tamamladığından ilk dəfə seçkilərdə iştirak edib. Səsvermə başlayandan bitənədək seçki ilə bağlı hər hansı neqativ hal yaşanmayıb.

Novruz Sadıqov- seçici: “Seçkilərdə mən də iştirak etdim. Özümün 70 yaşım var, namizədimizə səs verdim. Çox fəallıqla seçkilər getdi. Yaxşı, bəyəndim”.

Aslan Ələkbərov- seçici: “Hamı kimi mən də gəldim, səs verdim. Çox şəffaf keçdi. Heç bir qanun pozuntusu görmədim”.

Əfruz Hacıyeva- seçici: “Gəldim, bu gün çox fəal iştirak etdim. Çox sakit, çox şəffaf. Durğunluq şəraitində seçki keçdi”.

İşğaldan azad olunan Xankəndi sakinlərinin bir qismi də Gəncədə səs veriblər. 234 nəfər seçici Nizami yurdundakı Hacıməlik qəsəbəsində 122 saylı Xankəndi DSK-nın 11 saylı məntəqəsində istədikləri namizədə səs veriblər. Məntəqədə 6 müşahidəçi seçki prosesini izləyib.

Fərid Mehdiyev