Hələ İmaməddinin final döyüşündən bir neçə görüş əvvəldən ailə üzvləri və yaxınları televizor qarşısında həyəcanlı anlar yaşayırdırlar. Səbirsizləndikləri hər kəsin həm simasından, həm də gözlərindən hiss olunurdu. Ən diqqətçəkən məqam isə idmançının anasının oğlunun qələbə qazanması üçün bol-bol dua etməsi olub. Parataekvondoçu arenaya çıxan ilk andan etibarən artıq hamı görüşü ayaqüstə izləməyə başlayıb. Paralimpiyaçımızın dayanq üzərinə çıxdıqdan sonra ard-arda qazandığı xallar sayəsində emosiyalar daha qabarıq şəkildə hiss olunub. Türkiyəli rəqibi ilə arasında böyük xal fərqi yaradan Xəlilov son saniyələrdə çempionluğunu rəsmiləşdirməklə hər kəsi sevincə qərq edib. Hakimin final fitindən dərhal sonra bütün ailə üzvləri bir-birini qucaqlayaraq təbrik edib, sevincdən göz yaşlarına boğulublar.
Çempionluqdan sonra ailənin səs-küyünü eşidən qonşular da təbrikə gələrək, onların sevinclərinə şərik olublar.
İmaməddin Xəlilov 70 kq çəkidə paralimpiya çempionu olub. Parataekvondoçu ¼ finalda Kuba, yarımfinalda özbək, həlledici görüşdə isə qardaş ölkə Türkiyə təmsilçisini məğlub edərək Paris-2024-ün qızıl medalını boynundan asdırıb. İmaməddin həm də Azərbaycan idman tarixində parataekvondo üzrə ilk qızıl medalı qazanıb. Cavadxan yurdunun idmançısı paracüdoçu Ramil Qasımovdan 8 il sonra Gəncəyə ikinci paralimpiyada medalını gətirəcək.
- Baxış: 1028